Reanimasiya şöbəsində olan hər beyin ölümü keçirmiş xəstə potensial donor hesab olunur.
News365.az xəbər verir ki, reanimasiyaya düşən hər bir şəxsin orqanları yoxlanılır. Onlar haqqında məlumat vahid sistemdə göstərilir. Ölüm reallaşdığı təqdirdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələri xəstənin ən yaxın qohumları ilə danışıqlar aparır. Lakin bəzi hallarda heç bir icazə alınmadan orqanlar Mərkəz tərəfindən götürülə bilər.
Belə ki, beyində 12 cüt baş-beyin sinirləri və bu sinirlərin fəaliyyətini yoxlayan testlər var. Reanimasiyada olan xəstə bütün testləri keçdikdən sonra beyin ölümü dəqiqləşirsə, ailəsinə bu haqda məlumat verilir. Lakin bu vaxt meyit nə ailəsinə verilir, nə də orqanları götürülür. 12 saatdan sonra reanimatoloq və nevropatoloq testləri yenidən aparır. Əgər həqiqətən həmin şəxs sadəcə süni tənəffüs aparatına qoşulma hesabına və ürəyi dayanmağa qoymayan dərmanlar hesabına yaşayırsa, onun ölümü təsdiqlənir. Reanimatoloqun transplantasiya haqqında xəstənin yaxınına nəsə söyləmə ixtiyarı yoxdur. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələri gəlib potensial donorun ən yaxın qohumlarından biri ilə söhbət edir və qohum icazə verdiyi təqdirdə, meyitin orqanlarının qohumu tərəfindən bağışlanmasını göstərən xüsusi təsdiq olunmuş sənəd təqdim olunur.
Ona da qeyd edək ki, əgər reanimasiyada beyin ölümü reallaşan şəxs orqanlarını əvvəlcədən odtkm.gov.az saytına daxil olaraq bağışlamaq istədiyi bildirdiyi təqdirdə, həmin meyitin ailəsindən icazə alınmır, sadəcə məlumat verilir və orqanlar Mərkəz tərəfindən götürülür. Heç bir halda orqanını bağışlamaq istəməyən şəxslər də sayta daxil olaraq bunu bildirməlidir. Belə ki, Vahid İnformasiya Sistemində iki reyestr var. Biri donor olmaq istəyənlərin, digəri isə donor olmaq istəməyənlərin qeydiyyatdan keçməsi üçündür. Donor olmaq istəməyən kimi reyestrdən keçən vətəndaşın hətta beyin ölümü reallaşdıqda belə, yaxınlarından orqanların götürülməsi ilə bağlı icazə alınmır.(Modern.az)