Azərbaycanda təhsil sistemi ilə bağlı müzakirələr aparılarkən ən çox adı çəkilən qurumlardan biri Dövlət İmtahan Mərkəzidir (DİM). Bu qurum illərdir qəbul və buraxılış imtahanlarını təşkil edir, minlərlə gəncin taleyinə birbaşa təsir göstərir. Lakin son illər cəmiyyət arasında DİM-in fəaliyyəti ilə bağlı narazılıqlar getdikcə artır və bu narazılıqlar təsadüfi deyil.
Ən böyük problemlərdən biri imtahan sisteminin həddindən artıq mexaniki və test yönümlü olmasıdır. Şagirdlərin bilik və düşünmə qabiliyyətini inkişaf etdirmək əvəzinə, onları test texnikasına öyrətmək daha vacib hala gəlib. Nəticədə məktəblərdə təhsil prosesi mahiyyətini itirir, repetitorluq isə demək olar ki, alternativsiz bir sistemə çevrilir. Bu isə həm valideynlər üçün əlavə maliyyə yükü yaradır, həm də təhsildə sosial bərabərsizliyi dərinləşdirir.
Digər ciddi məsələ imtahan suallarının bəzən proqramdan kənara çıxması və ya mübahisəli olması ilə bağlıdır. Ötən həftəsonu 58 mindən çox abituriyent buraxılış imtahanında iştirak edib. İmtahandan sonra bəzi abituriyentlər Azərbaycan dili suallarının çətin və mətnlərin qəliz olduğunu, hətta sualların III qrup (blok) imtahanı tipinə bənzədiyini bildiriblər. Ümumiyyətlə hər il imtahanlardan sonra sosial şəbəkələrdə və mediada yüzlərlə abituriyent və müəllim eyni sualı verir: “Bu suallar doğrudanmı şagirdin biliyini ölçür?” Təəssüf ki, çox vaxt bu suallar cavabsız qalır və ya rəsmi açıqlamalar cəmiyyəti qane etmir.
Sual doğuran məsələlərdən biri də DİM-lə Elm və Təhsil Nazirliyi arasında gedən gizli mübarizədir. Bu gün DİM buraxılış və qəbul imtahanlarının suallarını özü hazırlatdırır. Nəticədə hazırlanan suallar bir çox hallarda məktəblərdə tədris edilənlərdən kənara çıxır.
Halbuki, suallar dərsliklərə və tədrisə uyğun hazırlanmalıdır.
Digər bir problemsə qəbul zamanı DİM-in diqtə edən tərəf olmasıdır. Şagirdin hansı ixtisası seçməsi DİM üçün maraqlı deyil. Əksinə DİM abituriyenti məcbur edir ki, sevdiyi-seçdiyi ixtisası yox, qurumun “məsləhət bildiyi” ixtisası seçsin. Əks təqdirdə istənilən gəncin tələbə olmaq arzusu yarımçıq qala bilər.
DİM-in kommunikasiya problemi də diqqətdən yayınmır. Qurum çox zaman cəmiyyətlə dialoqdan çox, müdafiə mövqeyi seçir. Halbuki minlərlə ailənin taleyinə təsir edən bir sistem daha açıq, şəffaf və izah edici olmalıdır. İnsanlar imtahanın yalnız nəticəsini deyil, həm də onun ədalətinə dair əminlik hissini görmək istəyirlər.
Bütün bunlar onu göstərir ki, imtahan sistemi yalnız texniki mexanizm kimi deyil, təhsilin bir hissəsi kimi yenidən düşünülməlidir. Dövlət İmtahan Mərkəzi tənqidlərdən qaçmaq əvəzinə, onları təhsil sisteminin inkişafı üçün siqnal kimi qəbul etməlidir. Çünki imtahan sadəcə bal toplamaq yarışması deyil — bu, bir nəslin gələcəyini müəyyən edən ciddi sosial institutdur.
Əgər bu institut cəmiyyətin etimadını itirərsə, zərbə təkcə bir quruma deyil, bütövlükdə təhsil sisteminə dəyər. Buna görə də islahat və açıq dialoq artıq seçim yox, zərurətə çevrilib.
News365.az