Azərbaycanda məktəblərdə dərs ilinin sentyabrın 1-də başlayıb mayın 25-də başa çatdırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə yay aylarının əvvəlində müşahidə olunan isti hava şəraitinin şagirdlərin təhsilinə mənfi təsir göstərdiyini düşünən valideynlər əvvəlki tədris modelinə qayıdılmasını təklif edirlər.
Mövzu ilə bağlı fikirlərini News365.az-a bölüşən əməkdar müəllim və sabiq deputat Sona Əliyeva bildirib ki, iyun ayında dərslərin davam etməsi ilə bağlı narahatlıqlar müəyyən mənada əsaslıdır.
Onun sözlərinə görə, yüksək temperatur uşaqların diqqətinin zəifləməsinə, yorğunluğun artmasına və tədris materialının mənimsənilməsində çətinliklərə səbəb ola bilər.
Lakin ekspert hesab edir ki, dərslərin yenidən 15 sentyabrda başlanması problemi tam həll etməyəcək. O qeyd edib ki, son illərdə sentyabr ayının ilk günləri də kifayət qədər isti keçir və bu baxımdan tədris ilinin başlanma tarixinin dəyişdirilməsi gözlənilən effekti verməyə bilər.
Sona Əliyeva vurğulayıb ki, hazırkı tədris təqvimi 34 həftəni əhatə edir. Dərslərin 1 sentyabr–25 may intervalında keçirilməsi isə bu müddəti qısaldaraq 32-33 həftəyə endirə bilər. Bu halda proqramın çatdırılması üçün gündəlik dərs yükünün artırılması zərurəti yaranacaq ki, bu da şagirdlər üçün əlavə gərginlik deməkdir.
Onun fikrincə, xüsusilə isti iqlimə malik aran rayonlarında daha çevik yanaşmalar tətbiq oluna bilər. Bununla yanaşı, əsas diqqət tədris proqramlarının sadələşdirilməsinə yönəldilməlidir. Ekspert hesab edir ki, uşaqlar ağır kurikulum yükü altında deyil, rahat və motivasiyaedici məktəb mühitində daha səmərəli təhsil ala bilərlər.
Mütəxəssisə görə, təhsil sistemində atılacaq addımların mərkəzində şagirdlərin sağlamlığı, rahatlığı və keyfiyyətli öyrənmə imkanları dayanmalıdır.