Vəkil Fərhad Mehdiyev Facebook üzərindən kiber-dələduzluğun qurbanı olduğunu açıqladı
News365.az xəbər verir ki, tanınmış vəkil Fərhad Mehdiyev sosial media hesabında kiber-dələduzluğa məruz qaldığını bildirib. Onun sözlərinə görə, Bank Respublikadakı dollar kartından 15 və 17 fevral tarixlərində hər biri 25 dollar olmaqla ümumilikdə 50 dollar və əlavə 9 dollar vergi tutulub.
Mehdiyev ödəniş detallarını araşdırdıqda vəsaitin Facebook (Meta) tərəfindən reklam üçün çəkildiyini öyrənib. Halbuki o, sonuncu dəfə 4-5 il əvvəl reklam yerləşdirdiyini və hazırda aktiv reklamının olmadığını vurğulayıb:
"Facebooka yazdım, cavab verdilər ki, pul mənim tanıdığım bir şəxsin reklamına sərf olunub. Amma nə reklamı göstərdilər, nə də həmin şəxsin kimliyini açıqladılar — guya bu, onların məxfilik siyasətidir. Mən heç vaxt başqasının səhifəsi üçün kart məlumatlarımı paylaşmamışam. Bunun adı əxlaqsızlıqdır və buna görə məsuliyyət daşıyan Facebookdur."
Vəkil əlavə edib ki, məsələnin sülh yolu ilə həll olunmaması halında Nazirliyə rəsmi müraciət edəcək və Facebookun ölkədə nümayəndəlik açması üçün tədbirlər görülməsini tələb edəcək. Əgər bu da nəticə verməsə, Meta şirkətinin IP-lərinə blok qoyulması üçün inzibati iddia qaldıracağını bildirib.
Bank Respublikaya qarşı da chargeback prosesi başladacağını deyən Mehdiyev, vətəndaşları ehtiyatlı olmağa çağırıb:
"Əgər Facebook və ya Instagramda reklam vermisinizsə, Meta sizdən xəbərsiz pul çəkməyə cəhd edə bilər. Təəssüf ki, Bank Respublikada 3D Secure sistemi işləmir və bu tip dələduzluqlara qarşı müdafiəsiz qalırsınız."
Mehdiyev həmçinin həmin şəxsə çağırış edərək, pulu qaytarmasını və kartının blokdan çıxarılması üçün əlaqə saxlamasını istəyib. Sosial mediada təhlükəsizlik mövzusu son vaxtlar daha da aktuallaşır və bu hadisə Facebook-un reklam siyasəti ilə bağlı geniş müzakirələrə səbəb olub.