"Bu gün dünyada elə proseslər baş verir ki, bəzi reallıqların qarşısını almaq mümkün olmur. Baxın, Rusiya-Ukrayna müharibəsi, ona bənzər proseslər və onlardan əvvəl Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni reallıqlar – Azərbaycanın işğal prosesinə son qoyması və Cənubi Qafqazda sülhü təmin etməyə çalışması – bunlara qarşı çıxmaq heç nəyə təsir göstərmir."
Politoloq Xəyal Bəşirov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Məsələn, İran Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini bildirdi. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədiyi bir dövrdə İran bəyan etdi ki, Ermənistan-Azərbaycan sərhədləri onun üçün “qırmızı xətt”dir. Yəni biz sülh sazişi imzalamaqla hər hansı bir reallığı dəyişirikmi? Və ya kimsə sərhədlərə təhdid yaradırmı? Təbii ki, bunların hamısı absurddur.
Hətta bu məsələ bizim İranla münasibətlərimizin korlanmasına səbəb olan hadisələrə gətirib çıxardı. Amma sonda kim haqlı çıxdı? Azərbaycan haqlı çıxdı. Bəs haqsız çıxan kim oldu? Bu prosesə mənfi təsir göstərmək istəyən tərəflər. Onlardan biri də İran idi. Biz yenə də təşəbbüsün İran tərəfindən gəldiyini gördük. Çünki günahkar tərəf biz deyildik. Bu prosesi pozan mövqedə olan tərəf biz deyildik, İran idi.
İranın Cənubi Qafqaz məsələləri və bu bölgədə sülhün əldə edilməsi ilə bağlı mövqe bildirməsi təbii prosesdir. Çünki Cənubi Qafqaza yaxın qonşu olan və bu regionla böyük sərhədləri olan üç dövlətdən biri – Türkiyə, Gürcüstan və İran – məhz İranın burada mühüm maraqları var. Mən hesab edirəm ki, İranın dövlətçilik maraqları ön planda olmalıdır. Əgər İran həqiqətən sülhün tərəfdarıdırsa, onda Cənubi Qafqazda sülhün olması həm Azərbaycanın, həm Ermənistanın, həm də İranın maraqlarına uyğun olmalıdır.