Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli son günlər Azərbaycanda benzin və dizel qiymətləri ilə bağlı suallara aydınlıq gətirib.
News365.az xəbər verir ki, o, öz Facebook səhifəsində paylaşım edərək, qiymətlərin necə müəyyənləşdirildiyini açıqlayıb.
Cəfərli bildirib ki, Azərbaycanda Aİ92 və dizel qiymətlərini hökumət təyin edir və bu qərarlarda dünya bazarı trendləri, qonşu ölkələrdəki vəziyyət və ölkədaxili vergi-aksiz siyasəti nəzərə alınmır. Ona görə də, iqtisadçılar real proqnoz verə bilmir.
Ekspertin sözlərinə görə, son qiymət artımı 2024-cü il iyunun 30-da baş verib: Aİ92 10 qəpik, dizel isə 20 qəpik bahalaşıb. Hökumət bunu dünyada neftin bahalaşması ilə izah edib. Həmin dövrdə “Brent” neftinin bareli 86 dollar olub, bu gün isə qiymət 63 dollar səviyyəsindədir.
Cəfərli hesab edir ki, hökumət öz arqumentlərinə sadiq olsaydı, benzin və dizelin qiymətini heç olmasa 10-15% ucuzlaşdırmalı idi. 2026-cı ildə isə “Brent” neftinin qiymətinin 55-65 dollar arasında olacağı gözlənilir.
Ekspert vurğulayıb ki, nəzəri olaraq qiymət artırılmamalıdır, hətta azacıq ucuzlaşdırma edilə bilər, amma praktikada hökumətin bunu etməyəcəyini, əksinə bahalaşdırma ehtimalının daha yüksək olduğunu qeyd edib.