Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama tədbirləri həyata keçirib.
News365.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Baxış zamanı müəyyən edilib ki, obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur və bu çatışmazlıqlar həm insanların həyatı və sağlamlığına, həm ətraf mühitə, həm də dövlət əmlakına birbaşa təhlükə mənbəyidir.
Aşkar edilən faktlar aşağıdakılardır:
- müəssisə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi və yanğın su hovuzu ilə təchiz olunmayıb;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermir, xüsusilə yanğın riskini artıran keçirici müqavimətin yaranmaması üçün kabellərin və naqillərin birləşmə nöqtələri qaynaq və ya xüsusi sıxaclarla bərkidilməyib;
- sexdə istifadə edilən qızdırıcı sobalar standartlara uyğun gəlmir;
- obyekt ilkin yanğınsöndürmə ləvazimatları, o cümlədən odsöndürən balonlarla tam təchiz edilməyib;
- binada havalandırma ventilyasiya sistemi quraşdırılmayıb;
- istehsalat zamanı mayeləşdirilmiş və sıxılmış propan qaz balonlarından istifadə edilir;
- obyektin tavanının bəzi hissələri yanar materiallarla üzlənib, taxta konstruksiyalar isə odadavamlı məhlulla hopdurulmayıb;
- ərazi gecə işıqlandırılması ilə təmin olunmayıb və sahə yanar tullantılardan təmizlənməyib;
- yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq yanğına qarşı rejim əmrlə təsdiqlənməyib;
- sexin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə rəsmi şəkildə razılaşdırılmayıb.
Mövcud vəziyyətin təhlili göstərir ki, obyektin istismarının davam etdirilməsi hər an baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə genişlənərək faciəyə çevrilməsi riskini yaradır.
Qeyd olunanları əsas götürərək, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulduğu Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanındakı mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul edilib. Qərarın bir surəti obyektin səlahiyyətli nümayəndəsinə təqdim olunub.