İntensiv yağışlar səbəbindən subasma halları müşahidə edilən ərazilərdə evlərin dəyər itirəcəyinə dair fikirlər var. Əhalinin bəzi qismi subasma olan ərazilərdə evlərin qiymətinin ucuzlaşacağı ilə bağlı düşüncə formalaşıb.
News365.az xəbər verir ki, leysanda evləri su altda qalan sakinlər yaşadıqları yerdən köçmək istəyirlər:
"Dəyər-dəyməzə də olsa satmaq istəyirik ki, bir daha belə acınacaqlı durumla üzləşməyək. Evimiz suyun altında qalması ilə yanaşı, bu sularda bir çox xəstəliklər də var".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tez-tez subasma olan ərazilərdə evlərə tələbat azalır, bu da qiymətə təsir edir:
"Bu halların gələcəkdə təkrarlanacağı halı yüksəkdir. Çünki nə qədər ki problem öz həllini tapmayıb, yəni kanalizasiya və texniki problemlər aradan qaldırılmayıb, yenidən intensiv yağışlar yağdıqda bu cür hallar evləri subasması təkrarlana bilər. Ona görə də bəzi yerlərdə eyni səbəbdən qiymətlər aşağı düşə bilər".
Güclü yağışların yaratdığı mənzərə göstərdi ki, təbii risklər artıq daşınmaz əmlak bazarının əsas müəyyənedici faktorlarından birinə çevirir. Əgər infrastruktur problemləri aradan qaldırılmazsa, oxşar hallar davamlı xarakter alarsa, bu həmin ərazilərdə evlərin qiymətinə və alıcı marağına uzun müddət təsir göstərə bilər.