Prezident İlham Əliyev: “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu”
Qlobal enerji bazarlarının sürətlə dəyişdiyi,
enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizlik strategiyalarının
ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə Azərbaycan etibarlı tərəfdaş və mühüm
enerji təchizatçısı kimi beynəlxalq mövqeyini daha da gücləndirir. Xəzər
hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm
rol oynayan ölkəmiz son üç onillik ərzində həyata keçirdiyi uzaqgörən enerji
siyasəti sayəsində regional enerji mərkəzindən qlobal enerji gündəliyinin vacib
iştirakçısına çevrilib.
Məhz bu strateji inkişafın və uğurlu enerji
diplomatiyasının növbəti təzahürü olan Bakı Enerji Həftəsi hər il dünyanın
aparıcı enerji şirkətlərini, siyasətçilərini, investorlarını və ekspertlərini
Bakıda bir araya gətirir. 2026-cı il iyunun 1-də tədbirin rəsmi açılış
mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji
sektorunda əldə etdiyi nailiyyətləri, "Şahdəniz" layihəsinin tarixi
əhəmiyyətini, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri
və gələcəyə hesablanmış enerji strategiyasını diqqətə çatdırdı. Dövlət
başçısının səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində keçdiyi inkişaf
yolunun və qarşıda duran yeni hədəflərin dolğun mənzərəsini ortaya qoydu.
Prezidentin çıxışı həm Azərbaycanın enerji tarixinin mühüm mərhələlərinə nəzər
saldı, həm də gələcək inkişaf perspektivlərini əhatə etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Xəzər
Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını qoyan mühüm
platformalardan biri olub. İlk illərdə daha məhdud formatda keçirilən bu tədbir
zaman keçdikcə genişlənərək beynəlxalq enerji sənayesinin nüfuzlu görüş
məkanına çevrilib. Bu gün həmin sərgi və konfranslar kompleksi “Bakı Enerji
Həftəsi” adı altında dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji
şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirir.
Bakı Enerji Həftəsi artıq təkcə sərgi deyil,
həm də yeni tərəfdaşlıqların qurulduğu, enerji bazarlarının gələcəyinin
müzakirə edildiyi və strateji qərarların formalaşdırıldığı beynəlxalq
platformadır. Bu tədbir Azərbaycanın enerji diplomatiyasının mühüm alətlərindən
birinə çevrilib. Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, dünyanın ən
iri qaz yataqlarından biri olan Şahdəniz qaz-kondensat yatağı ilə bağlı
müqavilənin imzalanmasından düz 30 il ötür. 1996-cı ilin iyun ayında imzalanan
bu müqavilə Azərbaycanın qaz sənayesində yeni mərhələnin başlanğıcı oldu.
“Şahdəniz” yatağının işlənilməsi ölkənin təbii
qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaratdı. Sonrakı
illərdə həyata keçirilən iri infrastruktur layihələri nəticəsində Azərbaycan
etibarlı qaz ixracatçısına çevrildi. Bu layihə yalnız iqtisadi gəlirlər
baxımından deyil, həm də ölkənin geosiyasi mövqeyinin güclənməsində mühüm rol
oynadı.
Bu gün Azərbaycan qazı Avropanın enerji
təhlükəsizliyinin vacib elementlərindən biri hesab olunur. Bir çox dövlətlər
enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanla
əməkdaşlığı genişləndirirlər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki,
Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də enerji
təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır. Son illərdə
ölkənin qaz ixrac etdiyi dövlətlərin sayı artıb və yeni bazarlar formalaşıb.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi Xəzər
hövzəsinin enerji resurslarını Avropa bazarlarına çatdıran strateji enerji
dəhlizinə çevrilib. Bu layihə regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi
qiymətləndirilir və enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır.
Qlobal
enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın sabit və
etibarlı təchizatçı kimi mövqeyi daha da möhkəmlənib. Müxtəlif ölkələr
Azərbaycanla uzunmüddətli enerji əməkdaşlığına maraq göstərirlər. Prezident
İlham Əliyev çıxışında Bakı Enerji Həftəsinin əhəmiyyətinin beynəlxalq
səviyyədə də yüksək qiymətləndirildiyini qeyd etdi. Bu kontekstdə o, ABŞ
Prezidenti Donald Trump tərəfindən göndərilən nəzakətli məktuba diqqət çəkdi: “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox
minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və
Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.
Enerji məsələsini yenidən normal məcraya
qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki,
uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa
vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında
ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə
sıxışdırılırdılar”. Məktub Azərbaycanın qlobal enerji bazarındakı roluna, enerji
təhlükəsizliyinə verdiyi töhfələrə və beynəlxalq əməkdaşlıq siyasətinə verilən
önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Bu cür mesajlar Azərbaycanın
enerji diplomatiyasının beynəlxalq səviyyədə qəbul olunduğunu və ölkənin
strateji tərəfdaş kimi nüfuzunu təsdiqləyir.
Azərbaycan ənənəvi enerji sektorunda qazandığı
uğurlarla yanaşı, bərpa olunan enerji sahəsinə də ciddi investisiyalar
yönəldir. Xəzər dənizinin külək potensialı, günəş enerjisi layihələri və yaşıl
enerji ixracı istiqamətində görülən işlər ölkənin enerji strategiyasının yeni
mərhələsini formalaşdırır. Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji,
enerji keçidi, karbon emissiyalarının azaldılması və innovativ texnologiyalar
da geniş müzakirə olunur. Bu isə Azərbaycanın gələcəkdə həm ənənəvi, həm də
alternativ enerji sahələrində regional lider mövqeyini qorumaq niyyətini
nümayiş etdirir.
2026-cı il Bakı Enerji Həftəsinin açılış
mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklər ərzində
enerji sektorunda keçdiyi uğurlu inkişaf yolunu bir daha nümayiş etdirdi. Xəzər
Neft və Qaz Sərgisindən başlayan yol bu gün qlobal enerji gündəmini
formalaşdıran Bakı Enerji Həftəsinə çevrilib.
“Şahdəniz” layihəsinin 30 illiyi, Azərbaycanın
artan qaz ixracı, beynəlxalq tərəfdaşlarla möhkəmlənən əməkdaşlıq və enerji
təhlükəsizliyinə verilən töhfələr ölkənin strateji əhəmiyyətini daha da
artırır. Bununla yanaşı, yaşıl enerji istiqamətində atılan addımlar
Azərbaycanın gələcəyin enerji xəritəsində də mühüm yer tutacağını göstərir.
Bakı Enerji Həftəsi artıq təkcə bir tədbir deyil, Azərbaycanın iqtisadi
gücünün, enerji diplomatiyasının və beynəlxalq nüfuzunun simvoluna çevrilmiş
qlobal platformadır.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent