"Bu gün Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edən ölkələrin coğrafiyası genişlənir. Azərbaycanın uğurlu enerji siyasəti hesabına ölkəmiz Pan-Avropa qaz təchizatçısı hesab olunur və bizimlə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayı artır."
Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib.
"Dünyada enerji xətlərinə təhdidlərin yarandığı bir vaxtda Azərbaycanın timsalında bölgədə sabitlik, inkişaf, tərəqqi məkanına ehtiyac var. Təsadüfi deyil ki, yeni Elektrik Stansiyasının inşasında yaxından iştirak edən İtaliya və Çin şirkətləri də Azərbaycandakı təhlükəsiz və sabit mühiti nümunə kimi qiymətləndirirlər. Məsələ burasındadır ki, bütün investorlar daha sabit məkanlara yatırım etməkdə maraqlıdır. Azərbaycan həm də bu mənada beynəlxalq investorlar üçün əhəmiyyətli tərəfdaşdır. 30 ilə yaxın işğaldan əziyyət çəkən Azərbaycan sabitliyi öz gücü hesabına təmin edib və təsadüfi deyil ki, regionun ən böyük energetika mərkəzi sayılan Mingəçevir şəhəri də 44 günlük Vətən müharibəsi dövründə düşmənin hədəfində idi. Cənab Prezident bir daha bəyan etdi ki, məqsəd bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Təbii ki, bu məkrli plan baş tutmadı. Bu mənada yeni Elektrik Stansiyasının adının “8 Noyabr” olmasında da rəmzilik var. Beynəlxalq investorlar da bu nəhəng stansiyanı Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı inkişafa və sənaye tərəqqisinə töhfəsinin rəmzi kimi qiymətləndirirlər."