"Cənab Prezidentin Albaniya səfəri ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir."
Politoloq Tural İsmayılov bu sözləri News365.az-a açıqlamasında dyeib.
"Bu səfər fonunda Azərbaycan, Balkanların ən güclü ölkələrindən biri olan Albaniya ilə uzun müddət davam edən qarşılıqlı əlaqələrini daha da inkişaf etdirmiş oldu.
Eyni zamanda, bu səfər zamanı Cənab Prezident İlham Əliyevin mövqelərinə, fikirlərinə və Avropa liderləri tərəfindən ona göstərilən maraq da diqqətçəkici idi. Avropa İttifaqının aparıcı və nüfuzlu ölkələrinin rəhbərlərinin Tiranada Prezident İlham Əliyevlə dialoqlar aparması, onunla görüşlərə maraq göstərməsi və Azərbaycan Prezidentinin fikirlərini diqqətlə dinləmələri bir daha sübut edir ki, Azərbaycanın mövqeləri və liderinin siyasi baxışları Avropa Siyasi Birliyi çərçivəsində böyük maraq doğurur.
Eyni zamanda qeyd edilməlidir ki, ölkəmizin daxili imkanlarının genişlənməsi və beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi rasional, balanslı xarici siyasət kursu da Avropanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Onlar Azərbaycan modelini, ölkəmizin siyasi təcrübəsini və inkişaf yolunu öyrənməyə çalışırlar.
Prezident İlham Əliyevin Albaniya səfəri, bu səfər çərçivəsində keçirilən görüşlər, aparılan dialoqlar və səsləndirilən fikirlər bütövlükdə Azərbaycanın artan siyasi çəkisini bir daha nümayiş etdirdi və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini sübut etdi."
News365.az