Prezident İlham Əliyev: “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim
torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və
ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur”
Azərbaycanda aşıq yaradıcılığından danışanda
ilk yada düşən Aşıq Ələsgər olur. Aşıq Ələsgər Azərbaycanda aşıq sənətinin ilk
yaradıcılarından olub. Ondan sonra bu günə kimi aşıq sənətinə yiyələnlər Aşıq
Ələsgərin yaradıcılığından bəhrələniblər. Və bu gün də Aşıq Ələsgərin
yaradıcılığı hər bir aşıq üçün bir örnəkdir, nümunədir. Çünki Aşıq Ələsgər
Azərbaycan ədəbiyyatının ən parlaq nümunələrindən hesab olunur. Onun
yaradıcılığı, müxtəlif növ şeirləri tam xalqın ruhuna uyğun şəkildədir. Xalqın
bir ədəbiyyat tarixidir. Həmçinin onun şeirlərini oxumaqla dövrün ədəbiyyat
tarixini, ictimai həyatını da bilmək olur. Azərbaycan dövləti tərəfindən hər
zaman Aşıq Ələsgərin şəxsiyyətinə, yaradıcılığına diqqət göstərilib. Hələ
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər
yerində böyük təntənə ilə qeyd olunub. Bununla yanaşı, Moskvada da Aşıq
Ələsgərin yubiley ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan
Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına
daxil edilib. 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 175
illik yubileyi də dövlət səviyyəsində qeyd edilib. 2021-ci ildə isə Aşıq Ələsgərin anadan olmasının
200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı Prezident İlham Əliyev
tərəfindən sərəncam imzalanıb. Sənəddə bilirilib ki, Aşıq Ələsgərin zəngin
poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi
dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır: “Sənətkarın yubileyləri məhz Ulu
Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının
respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri
keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından
olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi
ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından
didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da,
milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz
tarixi yaddaş rəmzi kimi yaşamaqdadır”. Elə həmin il cənab Prezident Aşıq
Ələsgərin abidəsinin ucaldılması haqqında da sərəncam imzalayıb. Sentyabrın
30-da isə Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el
sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı olub. Prezident İlham Əliyev və
oğlu Heydər Əliyev açılışda iştirak ediblər. Dövlətimizin başçısı açılışda
bildirib ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə
mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində
öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur: “O vaxt onun 97 yaşı var idi,
1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz
qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi
Azərbaycandan birinci deportasiyası idi”. Qeyd edək ki, heykəlin müəllifi Xalq
rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş
müəllimi Malik Babayevdir. Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin
bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və
toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan
xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin
əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və
özünəməxsus bədii tapıntıları ilə seçilir. Onun yaradıcılığında gənc nəslin
əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı
şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir.
Cənab
Prezident açılışda Aşıq Ələsgərin həyatından danışaraq, Azərbaycan xalqının
dəfələrlə deportasiyalara məruz qaldığını xatırladıb: “Əfsuslar olsun, ondan
sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi
ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq
onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik
baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi,
torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən
üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada
vəfat etmişdir”. Bu gün onun yaşadığı, böyüyüb boya-başa çatdığı ərazi
Ermənistandadır. Hansı ki, bu ərazilər də vaxtı ilə Azərbaycan torpaqları olub
və elə bu özü bir tarixi faktdır. Aşıq Ələsgərin qəbirüstüabidəsi orada olub,
amma ermənilər onu dağıdıblar. Əlbəttə ki, bu birinci dəfə deyil, ermənilər 30
il müddətində Azərbaycanın işğalda saxladıqları torpaqlarındakı bütün
milli-mədəni abidələrini, məscidlərini dağıtmışdılar. Bütün Qarabağı tanınmaz
hala salmışdılar. Azərbaycan dövləti, vətəndaş cəmiyyəti bunu bütün beynəlxalq
aləmə çar çəkir və ermənilərin vandallığını göstərirdi.
Dünya bunu bilirdi, lakin səssiz qalırdı.
Səyavuş Qasımov
Avrasiya Universitetinin
rektoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent