Almaniyada azərbaycanlı həkimlərin qurultayı keçirilib

Almaniyada azərbaycanlı həkimlərin qurultayı keçirilib
01 Noy 2025 20:20

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) 5-ci Yubiley Konfransı keçirilib.

News365.az xəbər verir ki, tədbirdə Almaniyada çalışan azərbaycanlı həkimlər, tibb tələbələri və alimlər iştirak edib. Birliyin sədri, Singen Xəstəxanasının aparıcı həkimi, neyrocərrah Dr.Turab Qasımov təşkilatın 5 illik fəaliyyəti haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb. Cərrah Ümüd Səlimzadənin idarəçiliyi və ginekoloq Mina Mustafayevanın aparıcılığı ilə keçirilən konfransda

Almaniyada gənc azərbaycanlı həkimlərin səhiyyə sisteminə inteqrasiyası və ixtisasartırması,
Almaniya səhiyyə və tibb təhsili sisteminin beynəlxalq kontekstdə müqayisəli təhlili,
Müqaviləli həkim fəaliyyətinin üstünlükləri və çatışmazlıqları,
Süni intellektin tibbi diaqnostika, müalicə, proqnoz və tibbi tədrisdə tətbiqi mövzuları müzakirə olunub.

Frankfurtda çalışan anestezioloq Leylan Məmmədova birliyin yaranma tarixi və gələcək planları haqqında təqdimatla çıxış edib. Drezdendə çalışan nevroloq Könül Məmmədova müxtəlif ixtisaslarda müqavilə əsaslı fəaliyyətin üstünlükləri və imkanları barədə danışıb. Otorinolarinqoloq Dr.Elşən Ağayevin moderasiyası ilə keçirilən “Tibbdə süni intellektin tətbiqi”nə həsr olunmuş birinci panel müzakirədə müxtəlif ixtisaslardan olan azərbaycanlı aparıcı həkimlər, eləcə də süni intellekt üzrə ekspertlər çıxış ediblər. 

Qeyd edək ki, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi bu ölkədə azərbaycanlı həkimləri bir araya gətirən ilk təşkilat hesab olunur. Bu gün təşkilatın həm Almaniyada, həm də xaricdə fəaliyyət göstərən xeyli sayda üzv və fəxri üzvü mövcuddur. Təşkilatın əsas məqsədlərindən biri Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb tələbələrinin peşəkar fəaliyyətə uyğunlaşmasına dəstək göstərməkdir.


Sizin reklam burada
Sizin reklam burada