Ağac və daşın sevgi bulağı- Ballıca Damcılısı

Ağac və daşın sevgi bulağı- Ballıca Damcılısı
11:55
Azərbaycan ərazisi yaşı minillərə gedib çıxan mağara-abidələrlə zəngindir. Dünyanın hər yerində olduğu kimi, burada da insanlar onlardan yaşayış yeri kimi istifadə edərək uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub özlərini təbiətin müxtəlif təsirlərindən qoruya biliblər. Xüsusilə də Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, qədim mədəniyyət mərkəzidir. Əlverişli təbii-coğrafyasına və təbii sərvətlərinə görə antik dövrlərdən insanlar bu ərazidə yaşamışlar.
Xocalı -Gədəbəy mədəniyyəti adlanan tarixi dövrün ilk mərhələsinə- e.ə. XIV-XIII əsrlərə aid edilir. Xocalı ərazisində kifayət qədər qədim mədəniyyətin hələ də qaldığı yerlərdən biri də Ballıca kəndi ərazisində olan təbiətin möcüzəsi, daşların dumduru göz yaşları axan Damcılıdır..
Ballıcada olanda buranı tapmaq üçün mütləq yerli sakinlərdən maraqlanmalısan. Yanından neçə dəfə keçsən belə burada qədim insan məskənlərindən biri olan mağara və orda göz yaşları olan daş-ağac kultuna aid tarixi görmək çətin olar. Yanında duranda belə yalnız boyu uca, yaşı qoca ağaclar görünür. Ha baxırsan, ağacların köklərinin harada torpağa bağlanıb rişə götürdüyünü, bulağın suyunun haradan gəldiyini anlamaq mümkün olmur. Ətrafda da deyəsən ki, bir dağ var ki, ordan yeraltı sular bura axsın. Kiçik təpələr və boş quru torpağın altında tarixi bəlli olmayan ağac kökləri və ona sarılan daşlardan damcı damcı ilin bütün fəslində soyuq su axır. İnanılmaz bir möcüzədir ki, əsrlərdir bu daşlar və ağac kökləri suya təslim olmayıb.
Ballıcada şükür bu günə, kəndin sakinləri evlərinə dönüblər və bura barədə söhbət edib məlumat almağa yaşlı insanlar da var. Burda deyirlər ki, sovet dövründə bura gələnlərin sayı çox idi və səbəb, o dövrdə yayılan bir mifoloji məlumat idi ki, buranın suyu ilə torpağın qarışığından yaranan palçıq dəri xəstəliklərini müalicə edir. Suyunda əl və üzü mütamadi yumaq tərini daha sağlam və təravətli saxlayır. Əlbətdə, bu mifaloji bir məlumatdır. Ancaq təbiətin möcüzələrini müzakirə etmək də olmur.
Buranın bərpası və orada insanların rahat gəlib Damcılı suyundan dadmaq üçün şəraiti isə Xocalı şəhidi Nəcəfov Şiraslan Məmiş oğlunun zəhmətidir. Ballıcanın qəhrəman oğlu, şəhidimizin sümükləri Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları içərisində tapılıb və keçən il öz doğma torpağında dəfn edilib..
Ballıcaya gələndə mütləq buranı ziyarət edin. Daş və ağacların sevgisindən yaranan sudan için. Şəhidlərin ruhuna dua edib, Qazilərə can sağlığı diləyin. Yaradana təşəkkür edin ki, bu cürə möcüzəni Azərbaycana bəxş edib.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada