“Abu-Dabi danışıqlarından sonra Avropa ilə koordinasiya səyləri artırılıb” - Deputat

“Abu-Dabi danışıqlarından sonra Avropa ilə koordinasiya səyləri artırılıb” - Deputat
15 İyl 2025 16:05

Milli Məclisin deputatı Fariz İsmayılzadə News365.az-a açıqlamasında bildirib ki, Abu-Dabi görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa ölkələrinə səfərləri əsasən sülh prosesi ilə bağlı koordinasiyanı gücləndirmək məqsədi daşıyır.

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar yeni mərhələyə keçib və tərəflər arasında mövqelər bir qədər də yaxınlaşıb:

“Artıq tərəflər müəyyən irəliləyiş əldə edib. Abu-Dabi görüşü zamanı ortaq məxrəc tapılması istiqamətində ciddi cəhdlər göstərilib. Bu prosesin davamı olaraq Paşinyan Avropa siyasətçiləri ilə koordinasiyanı gücləndirmək, onları məlumatlandırmaq və prosesə cəlb etmək məqsədilə səfərlər həyata keçirir”.

F. İsmayılzadə bildirib ki, Ermənistan tərəfi eyni zamanda gələcəkdə imzalanacaq sülh sazişindən sonra Avropanın rolunu müəyyənləşdirməyə çalışır:

“Əgər sülh sazişi imzalanarsa, Avropa İttifaqının bu prosesdə hansı iştirakının olacağı, Ermənistana hansı yardım və dəstəklərin veriləcəyi məsələləri Brüsseldə və Parisdə müzakirə olunur. Bu da gələcək planlamalar baxımından əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, Fransa və Avropa İttifaqı bölgədə aparıcı oyunçulardan hesab olunur:

“Fransa ənənəvi olaraq Qarabağ məsələsində fəal rol oynayıb. Bu səbəbdən də onu və Avropa İttifaqını bu prosesdən kənarda qoymamaq üçün diplomatik koordinasiya səyləri davam etdirilir”.

Qeyd edək ki, Abu-Dabi danışıqları Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinə töhfə verən mühüm mərhələ kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada