"2025-ci il ərzində inzibati nəzarət qurumuna təqdim edilən 81 711 sayda bələdiyyə aktı hüquqi baxımdan yoxlanılıb. Ekspertiza nəticəsində həmin sənədlərin 97.2 faizinin qanunvericiliyin tələblərinə tam cavab verdiyi aşkar olunub".
News365.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında məlumat verib. O, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət edən orqanın 2025-ci il üçün hazırladığı illik hesabatı təqdim edərkən bu rəqəmləri səsləndirib.

Nazir müavini qeyd edib ki, normativ hüquqi aktlara uyğun gəlməyən sənədlərin ləğvi və ya onlara düzəliş edilməsi məqsədilə müvafiq bələdiyyələrə tövsiyələr göndərilib. Bu proses "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun müddəalarına əsasən həyata keçirilib.
"İrəli sürülən təkliflər əsasında 644 akt qüvvədən düşmüş hesab edilib, 950 sənəddə isə müvafiq dəyişikliklər aparılıb. Bələdiyyələr tərəfindən icra edilməyən yeddi təkliflə bağlı isə məhkəməyə müraciət olunub.
Xüsusi olaraq vurğulanıb ki, torpaqların qanunsuz ayrılmasına dair qərarların ləğv edilməsi nəticəsində üç min hektardan artıq ərazi geri qaytarılıb. Bu ərazilərin 2 057 hektarı örüş sahələri olmaqla yenidən bələdiyyə mülkiyyətinə və ya istifadəsinə verilib".