Zelenskinin keçmiş mətbuat katibi: "Kiyev hərbi əməliyyatları dayandırmalıdır"

Zelenskinin keçmiş mətbuat katibi: "Kiyev hərbi əməliyyatları dayandırmalıdır"
30 Yan 2025 15:40

"Kiyev dərhal danışıqlara başlamalı və hərbi əməliyyatları dayandırmaq üçün Moskva ilə razılaşmalıdır". Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel Amerikanın “Time” jurnalındakı məqaləsində yazıb.

O qeyd edib ki, münaqişəyə son qoyulması ölkənin “sağalmasına" və yenidən qurulmasına imkan verəcək.

Mendel fikirlərini belə izah edib: "Biz demokratiyamızı gücləndirə, iqtisadiyyatımızı yenidən qura və sosial sahənin, cəmiyyətin uzunmüddətli bərpa prosesinə başlaya bilərik".

Zelenskinin keçmiş mətbuat katibinin sözlərinə görə, hərbi əməliyyatlara son qoymaq istəyi zəiflik əlaməti deyil. Onun qeyd etdiyi kimi, Kiyev indi gələcək nəsillərin maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural