Rusiyada məhkəmə komediya ustası Artemi Ostanini "nifrət qızışdırmaq" ittihamı ilə beş il 11 ay həbs cəzasına məhkum edib.
News365.az ArbatMedia portalına istinadla xəbər verir ki, o, bir müddət əvvəl sərhəddə saxlanılıb və Belarus təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.
Moskvanın Meşçanski məhkəməsi Artemi Ostaninə həbs cəzası ilə yanaşı 300.000 rubl cərimə cəzasına məhkum edib.
Əvvəlki məhkəmə iclasında Ostanin Minsk hava limanında həbs olunmasında sonra başına gələnləri danışıb. O bildirib ki, təhlükəsizlik qüvvələri onu meşəyə aparıb, orada dəyənəklə, qum torbası ilə döyüblər. Həmçinin onun saçlarını bıçaqla kəsiblər və boğazını kəsməklə hədələyiblər.
Komik məhkəmə qarşısında verdiyi ifadədə barəsində açılan cinayət işinin tamamilə qurama və uydurma olduğunu bildirib.
Ötəni ilin mart ayının 19-da məhkəmə Ostanini metroda ayaqsız bir kişi haqqında zarafat etdiyinə görə məhkəməyəqədər həbs cəzasına məhkum edib. Müstəntiqlər onun “xüsusi hərbi əməliyyat” döyüşçüsünə qarşı "düşməncəsinə şərhlər verdiyini" iddia edirlər. Ostanin israrla bildirib ki, o, müharibə iştirakçısını yox, dilənçini nəzərdə tutub.
2025-ci ilin dekab ayının sonlarında komediya ustasına qarşı daha iki cinayət işi açılıb. Həmin işlərdən biri Ostaninin “İsa Məsihlə söhbət”i, digəri isə "soyuducu dron" zarafatına görədir. Məhkəmə hesab edir ki, Ostanin birinci zarafatı ilə "dindarların hisslərini təhqir edib", ikinci ilə “mütəşəkkil cinayətkar qrup yaratmaq" təşəbbüsü göstərib.
Ostanin bütün ittihamları rədd edir.
Qeyd edək ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya rəhbərliyi müharibə, ordu, vətən mövzularında nəinki ciddi mülahizələrə, hətta adi zarafatlara da dözümsüzlük göstərir və onu edənləri ya “xarici agent”, ya da “terror dəstək” ittihamı ilə cəzalandırır.