Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq.
News365.az xəbər verir ki, bu, Milli Məclisin iyulun 24-də
keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları
haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, xüsusi icra məmurlarının özünüidarəsi
qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə
orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə
əsaslanır.
Xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra
Məmurlarının Palatasıdır. Palatanın əsas məqsədi xüsusi icra məmurlarının
fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının
fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını
və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü
əsasında yaradılır və qeyri-kommersiya hüquqi şəxsidir. Palata bu Qanun və
Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət
göstərir.
Palatanın idarə olunması qaydası onun Nizamnaməsi ilə
tənzimlənir. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini
rəhbərlik edir.
Palatanın maliyyələşmə mənbələri aşağıdakılardır:
- Palata üzvlərinin üzvlük haqları;
- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə
edilməsindən daxilolmalar;
- ianələr;
- qanunla qadağan olunmayan digər mənbələr.
Palatanın aşağıdakı səlahiyyətləri var:
- xüsusi icra məmurlarının hüquqlarını qorumaq;
- xüsusi icra məmuru peşəsinin nüfuzunun yüksəldilməsini
təmin etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) xüsusi məmurlarının fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
- xüsusi icra məmurlarının yüksək peşəkarlıq səviyyəsini
və inkişafını təmin etmək;
- xüsusi icra məmurlarının etik davranış qaydalarını
təsdiq etmək, xüsusi icra məmurlarının davranışının həmin qaydalara uyğunluğuna
nəzarət etmək və onun təhlilini aparmaq, həmin normaların tələblərini pozanlara
qarşı tədbirlər görmək;
- bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində
xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
- xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari
hazırlığının təskilində və onların ixtisasının və peşə hazırlığının
artırılmasının təşkilində iştirak etmək, xüsusi icra məmurlarının təlim
ehtiyaclarını qiymətləndirmək;
- xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən
normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər vermək;
- icra sənədlərinin icrası sahəsində təcrübənin
formalaşdırılması üçün xüsusi icra məmurlarının fəaliyyəti üzrə
ümumiləşdirmələr aparmaq;
- icra sənədlərinin icrası sahəsində beynəlxalq təcrübəni
öyrənmək;
- fəaliyyəti ilə əlaqədar dövlət və bələdiyyə orqanları,
onların vəzifəli şəxsləri, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə
əməkdaşlıq etmək, həmin münasibətlərdə xüsusi icra məmurlarını təmsil etmək;
- Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının və
Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının (Intizam Komissiyası) işində
iştirak etmək;
- peşə borclarını nümunəvi yerinə yetirən, uzun müddət
qüsursuz və səmərəli fəaliyyət göstərən xüsusi icra məmurlarını
mükafatlandırmaq;
- xüsusi icra məmurlarının şərəf, ləyaqət və işgüzar
nüfuzunu ləkələyən məlumatların yoxlanılmasını təşkil etmək, habelə təsdiq
olunmadığı təqdirdə belə məlumatların təkzib olunması üçün tədbirlər görmək;
- bu Qanunda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata
keçirmək.
Palatanın üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin
yoxlanılmasına cəlb oluna bilər. Xüsusi icra məmuru Xüsusi İcra Məmurlarının
Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur. Xüsusi icra məmurunun
fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir.
Palata öz fəaliyyəti barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) illik hesabat verir. Palata daxil
olan, icra edilmiş və həllini gözləyən icra işlərinin sayı, onların həllolunma
faizi, məcburi icranın yekunlaşdırılmasına sərf olunan orta müddət, məcburi
icranın xərcləri barədə məlumatlardan ibarət olan xüsusi icra məmurlarının
fəaliyyəti barədə illik hesabatı hazırlayır və dərc edir. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Palatanın qanunvericiliyə
zidd aktlarına dəyişiklik edilməsini və ya onların ləğv edilməsini tövsiyə edir.
Palata xüsusi icra məmurlarının beynəlxalq təşkilatlarına
üzv ola bilər.