Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
02 İyl 2025 15:05

2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sədr Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib, bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib.

Anar Bağırov diqqətə çatdırıb ki, Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara, eləcə də onların ailə üzvlərinə peşəkar səviyyədə hüquqi yardımın göstərilməsi ilə bağlı rəsmi qaydada müraciət ediləcək. Eyni zamanda Yekaterinburq şəhərində vəkillərə qarşı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınan qeyri-insani rəftar və vəzifə səlahiyyətlərinin aşılması halları ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlanacağı bildirilib. Sədr Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bu məsələni nəzarətdə saxladığını və hüquqi mexanizmlər çərçivəsində bütün zəruri addımların atılacağını bəyan edib. Bu cür hərəkətlər cəmiyyətdə vəkillik peşəsinin nüfuzunu azaldır və qorxu hissi yaradır. Çünki vəkil olaraq başqasını müdafiə etməli olan şəxslər hazırda özləri müdafiəsiz şəkildə zorakılığa məruz qalırlar.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır. Müzakirələrdən sonra Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edib.

Bundan başqa, VK sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 4 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada