"UŞAQLIQDA HAMI MƏNİ “GİLAS” DEYƏ ÇAĞIRIRDI" - Gülyaz Məmmədova

"UŞAQLIQDA HAMI MƏNİ “GİLAS” DEYƏ ÇAĞIRIRDI" - Gülyaz Məmmədova
13:29

Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova News365.az-a müsahibəsində kövrək, duyğulu anlar yaşayıb.  

  -Neçə illərdir sizi səhnədə Gülyanaq xanımla birlikdə  görməyə gözümüz öyrəşib. Xarici görünüşünüz, səsiniz, ifa tərziniz, yüksək səhnə mədəniyyətiniz o qədər oxşardı ki, əvvəl-əvvəl çoxları sizi əkiz bacı bilirdi. Diqqət çəkən bir məqam da var,- tamaşaçılar o vaxt siz bacıların bir-birinə olan səmimiyyətinin istisinin bu gün də ekranlardan duyurlar. Gülyaz xanım, maraqlıdır, kiçik yaşlarından belə mehriban olmusunuz? 

 -Yox. Balaca vaxtı Gülyanaqla yola getmirdik. Ən böyük cəzamızı da nənəm verirdi. Deyim ki, çox vaxt da günah onda olardı (gülümsəyir). Nəyin üstə dalaşardıq? Birini deyim, qulaq asın- görün məndə təqsir var?- Bacım məndən kiçikdi- üç yaş fərqimiz var. Dinc dayanmaqla arası yox idi. Bir də baxırdım ki, ayaqqabılarımı gizlincə geyib. Ayağının ölçüsündə olsa nə vardı ki... Geyinəndə yeriyə bilmirdi, yıxılırdı. Onda da başlayırdıq... Amma tezcə də barışırdıq. Gülyanaqla mən rəfiqə kimi böyümüşük. Uşaqlıq sirlərimizi bölüşmüşük. İndi də "böyük sirlərimiz"i bir-birimizdən gizlətmirik. 



  Yenə bir uşaqlıq xatirəm: -Bir dəfə də nəyin üstəsə yenə tutaşdıq. Nənəm əlimizdən bezib ikimizi də saldı tövləyə, ağzını da bağladı. Biz neylədik?- Heç nə olmamış kimi yerin bir küncünü təmizləyib, başladıq evcik qurmağa, sonra da başladıq şirin-şiirn oynamağa. Nənəm də kənddə hüzr varmış, gedibmiş ora. Məclisdə qəfil yadına düşür ki, ikimizi də tövlədə qoyub gəlib. Tələsik yerində qalxır, özünü yetirir evə. Tez tövlənin qapısını açır. Baxıb görür ki, ikimiz də sakitcə evcik-evcik oynayırıq. Deyir ki, bugünlük bəsinizdir, gəlin evə. Qayıdıb biz nə cavab versək yaxşıdır?- E-eh, nənə, biz hələ oynamaq istəyirik!

  -İllər ötdü. Və kənd xəbər tutdu ki, Zakir kişinin qızı Gülyazın yaxşı səsi var.  

  -Məktəbi idim. Azərbaycan Televiziyasında göstərilən konsert proqramlarına maraqla tamaşa edərdim. O mahnıları yadda saxlayıb, öz-özümə zümzümə edərdim.  Günün birində, demə, anam bir qıraqda dayanıb mənə qulaq asırmış. Gedib sevincək qardaşıma (o qamonçalan idi) deyir ki, bayaq Gilas mahnı oxuyurdu, nə gözəl səsi varmış... Sonra da qardaşıma tapşırır ki, bunu məktəbin direktoruna da çatdırsın. O gündən məktəbdə hamı bildi ki, mənim yaxşı səsim var.



  -Demək, Gülyaz xanımımın uşaqlıq adı da varmış. 

  -Çox xoşum gəlirdi Gilas adından. Uşaqlıqda hamı məni belə çağırardı. Dediniz, kövrəldim. Çünki bu ad  uşaqlığımın yadigarıdı. O, indi də mənə uzaq düşdüyüm, qayğısız, şən, dəcəlliklərlə dolu illərimi xatırladır. Yada saldınız, mənə elə gəldi ki, o balaca Gülyaz- Gilas Böyük Dəhnə kəndində, bağlı-bağatlı evimizdən mənə baxıb gülümsəyir. Bakıya qar yağanda indi də elə bilirəm o da səhər gözlərini açıb göydən ələnən lopa-lopa, yupyumşaq qara heyranlıqla baxır. Özünün xəbəri olmadan onun üz-gözünə dünyanın ən şirin təbəssümü qonur. İnanın ki, o təbəssümü hələ də qoruyub saxlamışam. 

 

 -Güman etməzdim Gilas sizi bu qədər duyğulandırar.

  -O balaca Gülyazın- Gilasın bağımızda çox sevdiyi bir əncir ağacı da vardı. Qəribədir ki, o, ən çox sevdiyi mahnısını da başqa ağacın yox, yalnız əncir ağacının altında zümzümə edərdi. 

  -Hansı mahnı idi?


  -Unudulmaz şairimiz Hüsey Arifin sözlərinə böyük bəstəkarımız Səid Rüstəmovun yazdığı "Şeir deyilmi" mahnısı.

  Bir maraqlı uşaqlıq hadisəsi də yadıma düşdü:- Dördüncü sinifdə oxuyurudm. İdman dərsi idi. Bir də gördüm məni soruşurlar. Məlum oldu ki, məktəbdə tədbirə hazırlıq gedir. Mən o tədbirdə bir mahnı oxumalıyam. Elə idman paltarında məni apardılar məşq olunan salona. Dedilər ki, hansı mahnını oxumaq istəyirsən? Dedim ki, “Məndən təzə şeir xəbər alan dost...”u. Onlar mənə "Ana Kür" mahnısını oxumağı məsləhət gördülər. Bu mahnı o vaxt Xeyransa Məmmədovanın ifasında çox məşhur idi, bəlkə də ona görə. Amma mən nədənsə öz sevimli mahnımı ifa etməkdə israrlı idim. Axırda yola gətirdilər. Oxumağa təzə başlamışdım ki, birdən dayandım, davamını gətirmək istəmədim. Qadaşım məni müşayiət edirdi. Dedi,- oxu, yaxşı alınacaq, oxu. Nəhayət, oxudum. Hamı xoş sözlər dedi. Bakıya gedən yol xəyalımda ilk dəfə həmin gün göründü. 

  Beşinci sinifdə oxuyanda Gülyanaqla (o, ikinci sinif şagirdi idi) Azərbaycan Televiziyası ilə hər həftənin şənbə günləri göstərilən "Şəlalə"proqramında Şəkinin "Zirvə" özfəaliyyət kollektivinin üzvləri kimi çıxış etdik. Sevimli bəstəkarımız Ələkbər Tağıyevin "Azərbaycan gəncləri" mahnısını ifa etdik. Daha sonra tədbirlər, müsabiqələr... Bir ara dörd bacı- Rəhimə, Gültəkin, Gülyanaq və mən "Bülbüllər" adı ilə Şəkidə çox tanındıq. Həmin vaxtlar bülbüllərlə bağlı dörd mahnını çox həvəslə ifa edərdik, həm də bu səbədən bizi belə çağırırdılar.


  -Bakı ilk gəlişinizdə sizi nə ilə təəccübləndirdi? 


  -Ən əvvəl nəhəngliyi ilə. Bakını yalnız ekranlarda görən 12 yaşlı qız birdən-birə bu şəhərin genişliyinə düşdü. Avtobuslar, tramvaylar, trolleybuslar, funikulyor, gəmilə dəniz gəzintisi... Bir də unutmadığım,- milisionerlərin işıqfor əvəzinə sürücülərə əllərinin hərəkətilə yol göstərməsi. 

  Sonra başladı tələbəlik illəri. Gəncliyimizin şən, bəxtəvər illəri. Asəf Zeynallı adına musiqi texnikumunda muğam ixtisası üzrə təhsil aldım. Müəllimim məşhur muğam bilicisi, Əməkdar müəllim Nəriman Əliyev idi. Tələbə olarkən 1990-1991-ci illərdə “İçərişəhər” folklor ansamblında çalışdım. Qarşımda yeni bir dünya açılmışdı- uşaqlıq arzumun dünyası. Amma, düzü, arada sıxılırdım, ürəyim kəndi istəyirdim. Sizə deyim ki, şəhərə alışmaq mənə o qədər də asan olmadı. 



  -Siz danışdıqca, mən də o unudulmaz illəri xatırladım. Yadımdadı ki, yazın sonlarına yaxın, havaların yer-yurdu isitdiyi vaxtlarda ürəyimiz Bakıdan doğma kəndə atlanardı. "Görəsən, tut yetişmiş olar?" adlı nigarançılığımız səhərləri bizimlə birgə açardı. Xatırlayıram ki, avtobusun aramlı səsi 500 kilometrlik yolun uzunluğunu, narahatlığını bizə unutdurardı. Doğma kəndin yaz nəfəsindən ötrü qəribsəmiş biz kənd uşaqlarından hansınasa qatarla yolçuluq "nəsib olanda"da da dəmiryolunun yeknəsək səsləri şirin laylaya dönərdi. Amma di gəl ki, o layla gözlərimizə yuxu gətirməkdən çox, xəyallarımızı qatarın pəncərəsindən asardı. Əllərimiz həyətdəki tut ağaclarımızın budaqlarına uzanardı. Bu "mövsümi adət" Bakıya kənddən oxumağa gələn uşaqların, demək olar ki, çoxusunda vardı. 


  -Heyf o illərə. Tut kimi şirin arzularımızın neçəsi elə o illərdə qaldı.  Kəndə gedəndə bunu daha çox hiss edirəm. Qış olanda elə güclü qar yağardı ki, bir müddət həyət-bacaya çıxa bilməzdik. İndi o qara həsrətəm. Ötən illərimin xatirəsini yurd yaşadır. 110 yaşlı evimiz də daha yoxdu. Nənənmgildən qalma idi. Doğrudu, çox köhnəlmişdi, kərpiclə tikilən, bünövrəsiz ev idi. Amma çox əziz idi mənə. O gündən elə bil ata ocağının istisi də göyə çəkildi. Çox istəyirəm ki, Allah mənə o köhnə evimizin eyni görünüşündə ev tikməyi qismət eləsin. 

  Uşaqlıq, gəncilik insan ömrünün ən gözəl naxışıdı. "Tut yetişəndə gəl bizə" mahnısını ona görə elə şövqlə oxumuşam. 

 


  Ürəyim hər zaman xeyirxah əməllərə açıqdı. Elədiyim yaxşılıqları tez unudan adamam. Həmişə bu fikirdə olmuşam ki, insan elədiyini dilə gətirməz. Doğrudur, o yaxşılıqları hardasa, nə vaxtsa məni görəndə xatırladanlar olur, amma inanın ki, dediklərinin çoxu yadıma düşmür. O da var ki, qəlbimi qıranları unutmuram. Belə insanlarla məsafə saxlamağa, ehtiyatlı davranmağa çalışıram. Çox həssasam. Bəlkə də bu, Buğa bürcündən olduğumla bağlıdır. 


  -Belə çıxır ki, bürclərə inanırsınız.


  -Bəli. Bu bürcdə doğulanlar onları sevən və qiymətləndirən insanlara qarşı çox vəfalı, qayğıkeş olurlar. Ailəyə, dostlarına sədaqətlidirlər. Yaxşılıq etməyi sevirlər, mərhəmətli olurlar.    


  -Artıq Xalq artistisiniz. Prezident Mükafatına layiq görülmüsünüz. Çox sayda təltifləriniz var. Tanınmış xanəndə kimi xalq musiqimizi yaxın-uzaq ölkələrdə uğurla təmsil edirsiniz. Bunun məsuliyyəti çoxdu, yoxsa sevinci?


  -Məsuliyyəti daha çoxdu. Biz bu sənəti seçib gələndə şan-şöhrəti düşünmədik. Arzularımızın arxasınca gədik Bakıya. Allaha yalvarırdıq ki, böyük sənətkarları görməyi, əllərimizin onlara toxunmasını, xanəndə olmağı, səhnələrdə çıxış etməyi bizə də nəsib etsin. Sözsüz ki, bu gün insanların bizə sevgisini, hörmətini, alqışını  görəndə çox sevinirik. Bu, böyük xoşbəxtlikdi. Belə səadəti Allah hər kəsə bəxş eləmir. İnsan uğuruna sevinməlidir, şükr etməlidir. 



  Opera tamaşalarında oynadım: "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Arşın mal alan"da Telli, "Koroğlu"da Xanəndə qız və s... Yetmişdən çox ölkəyə qastrol səfərim olub. Bunları yaradıcılıq fəaliyyətimdə böyük uğurlar sayıram.  

    

  -Siz xalq mahnılarımızı, muğamlarımızı, bəstəkar mahnılarımızı hər zaman şövqlə, sonsuz sevgilə ifa edirsiniz. 


  -Sevgisiz oxunan mahnının ürəklərə yol tapması mümkün deyil. Gülyanaqla indiyə kimi fond üçün 700-ə qədər mahnı yazdırmışıq. Xalqımızın mənəvi irsini yaşatmaq üçün qazancımızı sərf etməkdən belə çəkinməmişik.

  Xoşbəxtəm ki, pedaqoqam, sabahın xalq mahıları, muğam  ifaçılarını yetişdirirəm, onlara bildiklərimi aşılayıram. Ustadımız Mehman Mikayılovla unudulmuş qədim mahnılarımızı araşdırırıq, o inciləri yenidən xalqa qaytarmaq, yaşatmaq üçün ciddi əmək sərf edirik.  

 Nazim Əlifov


Sizin reklam burada
Sizin reklam burada