Türk Hava Yolları bu ölkələrə uçuşları dayandırdı

Türk Hava Yolları bu ölkələrə uçuşları dayandırdı
13 İyn 2025 18:34

İsrailin İrana hava zərbələri fonunda Türk Hava Yolları bir neçə ölkəyə uçuşları dayandırıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında İsrailin İrana hücumları nəticəsində görülən tədbirləri açıqlayıb.

Nazirin sözlərinə görə, Türk Hava Yolları başda olmaqla, əlaqəli hava yolları şirkətləri 16 iyun 2025-ci il bazar ertəsi tarixinə qədər İran, İraq, Suriya və İordaniyaya uçuşları təxirə salıb.

"13 iyun 2025-ci il tarixində səhər saatlarında İsrailin İrana qarşı başladığı hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması səbəbindən İsrail, İran, Suriya və İraqın hava məkanları müvəqqəti olaraq hava nəqliyyatı üçün bağlanıb.

Həmçinin dərc edilən NOTAM-lar (Uçuş və yer təhlükəsizliyinə təsir edə biləcək müəyyən mühüm vəziyyətlər barədə hava işçilərinə məlumat vermək üçün dərc edilmiş bildiriş - red.) çərçivəsində İsrail, Tehran və Bağdad hava sahələri də qapalı olacaq. Baş verən hadisələrə uyğun olaraq, Mülki Aviasiya Baş İdarəmiz və əlaqəli aviasiya müəssisələrimiz tərəfindən lazımi tədbirlər görülüb, riskli hava məkanlarından istifadə edilməməsi üçün uçuş marşrutları yenidən planlaşdırılıb.

Sərnişin və ekipajın təhlükəsizliyi prioritet hesab edilməklə, proseslə bağlı böhran masası işləri də davam edir. Hazırkı vəziyyətdə risk altında olan hər hansı sərnişin və ya personal yoxdur.

Başda Türk Hava Yolları olmaqla, əlaqədar aviaşirkətlərimiz 16 iyun 2025-ci il bazar ertəsinə qədər İran, İraq, Suriya və İordaniyaya uçuşları ləğv edib", - deyə Abdulkadir Uraloğlu bildirib.


Sizin reklam burada
Sizin reklam burada