Sənədi olmayan evlərə də qaz çəkilsin! - TƏKLİF

Sənədi olmayan evlərə də qaz çəkilsin! - TƏKLİF
11:45

“Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu, artıq texniki məsələ deyil. Bu, insanların qışda donması məsələsidir. 

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bir çox yerdə qaz borusu evin düz yanından keçir. Amma evin sənədi tam olmadığı üçün qaz verilmir.

“Qaz göz qabağındadır, evin içi isə buz kimi. Bu nə məntiqdir? Boru varsa, qaz varsa, niyə evdə istilik yoxdur?

Biz vətəndaşa deyirik: “Sənədin yoxdur, gözlə”. Yaxşı, o adam bu vaxtadək necə yaşasın? Qışa deyək ki, bir az gözlə? Uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, soyuqda döz? Bu, real həyatdan qopmuş yanaşmadır.

Alternativ də qalmayıb. Yulğun kəsən, ağac kəsən cinayət məsuliyyətinə düşür. Həyətindən yarım metr kənarda bitən, pay torpağında bitən ağacı da kəsəndə üzərinə elə şığıyırlar ki, elə bil adam öldürüb. Sonra da deyirlər ki, torpağın var sənə sosial yarıdm düşmür. Bu qədər də olmaz axı. Odun tədarükünə icazə yoxdur. Kömür əl yandıracaq qədər bahadır. Dövlət də münasib qiymətə alternativ yanacaq təşkil etmir. Yəni vətəndaş hər tərəfdən divara dirənib".

Deputat qaza alternativ təklif edilməli olduğunu deyib.

"Açıq deyirəm: insanı bu vəziyyətə salmaq islahat deyil. Qadağa qoyuruqsa, çıxış yolu da qoymalıylq. Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Yoxsa bu, islahat yox, laqeydlikdir”.

R. Nurullayev qeyd edib ki, 30–40 il ərzində dövlətin iştirakı və bəzi məmurların şirinlik, rüşvət müqabilində qanunsuzluqlara göz yumması nəticəsində yaranmış problemlərin yükünü bu gün vətəndaşın üzərinə qoyub ondan bir-iki ayın içində həll etməsini tələb etmək nə realdır, nə də ədalətlidir. Bu, illərlə yığılıb qalmış sistemli problemləri qısa müddətdə sadə insanın boynuna yükləmək deməkdir və mümkün olmayanı tələb etməkdir.

“Ona görə təklifim aydındır: Bir - icra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılsın. İnsan evində yaşayırsa, sənədinə görə onu soyuqda saxlamaq ədalətsizlikdir. İki - qaz olmayan yerlərdə dövlət odun-kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin” – sonda vurğulayıb. (Modern.az)



Sizin reklam burada
Sizin reklam burada