12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bu böyük şəxsiyyətin Azərbaycanın müstəqilliyinin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadi inkişaf yolunda atdığı strateji addımları daim qürurla xatırlayırıq. Heydər Əliyev 1993-2003-cü illər arasında Azərbaycanı sosial-iqtisadi çətinliklərdən çıxararaq sabit və inkişaf etməkdə olan ölkəyə çevirdi.
Ölkənin iqtisadi dayanaqlılığının onurğa sütunununun inşası 1994-cü ildə “Əsrin Müqaviləsi"nin imzalanması ilə başlanıldı. Çünki, bu müqavilə təkcə Azərbaycanın neft sektorunda yeni era başlamadı, həm də ölkənin iqtisadi dayanaqlılığının bu gün də əsasında dayanan onurğa sütununu yaratdı. 1996-cı ildə Şahdəniz qaz yatağı kəşf edildi və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qaz ixracı üçün infrastrukturun əsası qoyuldu. 1997-ci ildə Bakı-Supsa neft kəməri istifadəyə verildi. Bunun ardından neft gəlirlərinin şəffaf və dayanıqlı idarəçiliyi təmin edilməsi məqsədilə Dövlət Neft Fondu yaradıldı. 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanıldı. Beləliklə, 1994-cü ildə yaradılmış iqtisadi onurğa sütunu bu günümüzə qədər öz dayanıqlığını saxlamaqla, Ümummilli Liderin neft strategiyasının peşəkarlıq səviyyəsini təzahür etdirməkdədir.
Məhz onun rəhbərliyi və təşəbbüsləri ilə dövlət mülkiyyətinin özəlləşdirilməsi həyata keçirildi və vacib qanunlar qəbul edilərək sahibkarlığın inkişafı üçün hüquqi baza yaradıldı. Torpaq islahatları həyata keçirildi və kənd təsərrüfatı sahəsində özəlləşdirmə başlandı. Regionların inkişafı üçün infrastruktur layihələri həyata keçirildi.
Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BVF ilə sıx əməkdaşlığa başladı. Makroiqtisadi sabitlik təmin edildi, inflyasiya azaldıldı, ÜDM artımı bərpa olundu. Korrupsiyaya qarşı mübarizədə ilkin tədbirlər görülməyə başlandı. Eyni zaman da təhsil və insan kapitalına xüsusi diqqət ayrıldı, gənclərin xaricdə təhsili üçün proqramlar təsis edildi. Regionların sosial-iqtisadi inkişafı proqramı qəbul olundu.
Ümumiyyətlə, böyük liderin iqtisadi zəkası, qərarları və addımları haqqında çox yazmaq olar.
Bu dahi şəxsiyyəti böyük hörmətlə anır və onun əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!