Tarixi araşdırmaq hər kəs üçün asan gəlsə də, yeganə sahədir ki, gərək təkcə mövzu barədə yox, dövr, proseslərlə yanaşı olaraq ona aid əlyazma, qaynaq, sənəd, mənbələrdə diqqətli olasan. Hər bir sənəd tarixə qiymət vermək üçün kifayət etməz. Mütləq alternativ mənbələrə və qaynaqlara da baxasan, ümumilikdə fikirləri bir yerə toplayıb düzgün qənaətə gələsən. Bəzən elə olur ki, bir mövzuya aid bir neçə sənəd olur ki, hərəsi bir-birini təkzib edir. Ona görə də həmin sənədin orjinal olmasına tam əmin olmaq üçün müxtəlif variantlarla da tanış olasan.
Ona görə bir mövzunu ciddi araşdırmaq önəmlidir. Xüsusən Səfəvi dövlətinin qurucusu, Şah İsmayıl Xətai barədə kifayət qədər qeyri dəqiq mənbələr var. Digər bir iddia isə Şah İsmayılın əhli-sünnənin dörd məzhəb fəqihlərindən biri olan, hənəfilərin imamı olan Əbu Hənifə Noman ibn Sabitin məzarın “dağıtması” ilə bağlıdır. İlk öncə qeyd edim ki, Əbu Hənifə İslamın böyük ismlərindən biridir. Onun haqqında kiçik bir hadisəni yazacam ki, onun kimliyini biləsiniz:
“Əbu Hənifənin bir qonşusu var idi. Elə ki, o imam axşamlar ibadət edirdi, başqaları şərab içir, toy çalırdılar, səs edirdilər. Əbu Hənifəni incidirdilər. Elə ki imam bir neçə gün həmin səsi eşitmədi, onda qonşusunun halını soruşdu. Dedilər: Axşam onu bazarda əsəsilər aparıblar. İmam yerindən dərhal qalxıb paltarını geyir və Əsəs əmirinin yanına gedib qonşularını azad etdirir. Həmin qonşular elə həmin gündən tövbə edirlər”
Çox heyf ki, bəzi Şaha münasibəti məhzəb baxışında olan o dövrə və sonrakı illərə aid bəzi qaynaq müəllifləri iddia edirlər ki, 1508-ci ildə Bağdad şəhərini azad etdikdən sonra böyük İslam fəqihi İmam Əzəm Əbu Hənifənin məqbərəsini uçurtmuş, onun qalıqlarını oradan çıxartdırıb, yandırıb və külünü küləkdə sovurub”
Buna biz Qazı Nurullah Tustər, Burak Guy, fars tədqiqatçıları Əmir Huseyn Xonci və Kərim Yusif Cəmalidə rast gəlirik. Fars dilində olan bu əsərləri təbliğ edən isə bilirsiniz kimdir? İranda yaşayan erməni A. Sabityan. Bir məlumat da əlvə edim ki, çox zaman bu müəlliflər ağızdan ağıza gəzən şayələri yazıblar. Real istinad edəcəkləri mənbələr yoxdur.
Qeyd edim ki, bunlar XVI əsr tarixinə dair mənbələrdən biri hesab oluna bilməz. Bunlardan yalnız Səfəvilər dövründə yaşamış Qazı Nurullah Tustərini o dövrə aid mənbə saymaq olar, lakin tarixçilər bilirlər ki, o dövrdə yaşayan bəziləri Şahı tərənnüm etmək adı ilə çox səhvlər ediblər. Məsəl üçün Şahın Çaldıran savaşında Malkoçoğluna qalib gəlməsini Osmanlı səlnaməçiləri özlərinə uyğun yazmışlar, yaxud Babəklə bağlı Xilafət salnaməçiləri bilərkdək və qəsdən onu kafir kimi qələmə veriblər. Elə bu günün özündə də Azərbaycanda hakimiyyət tarixçiləri Elçibəy, Rəsulzadə, Xosyki barədə yanlış hadisələri yazırlar. Bunu başa düşmək elə də çətin deyil.
Əbu Hənifə Bağdadda vəfat etdikdən sonra vəsiyyətinə uyğun olaraq cənazəsi Hayzuran qəbiristanlığının şərqində dəfn edilib. Birinci belə fakt olsa idi, mütləq Osmanlı sultanları II Bəyazidin və I Səlimin (1465–1520) Şah İsmayıla yazdıqları məktublarda bu mütləq qeyd edilər və Əbu Hənifənin məzarının dağılması ilə bağlı ona hədə qorxu gəlinərdi, necə ki, Səlim hər məktubunda Şaha təhqir dolu sözlər yazırdı. Şah elə edən idisə, Əbu Həmid Əl-Qəzalinin, Təlhə və Əl-Zübeyrin məqbərələrinə niyə toxunmadı? Məsəl üçün iddialar var ki, guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyid və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbrləri açıb və onların sümüklərini yandırıb. Bunu dəqiq arxeoloji qazıntılar və rəsmi sənədlər əsasında sübut etdik ki, bu belə olmayıb. Buyurub yazımı təkrar oxuya bilərsiniz: https://www.facebook.com/share/p/1LeV1GBqGP/ O dövrdə Osmanlı-Səfəvi qarşıdurması yaratmaq iki sarayda olan casusların əsas niyyəti idi. Əbu Hənifənin məzarı ilə bağlı yalanı Osmanlı sultanı Bəyazidə verib deyirdilər: “islam yox olub gedir.Şah İsmayıla qarşı savaş qaçınılmazdır”
Hənəfiliyin məzhəb olaraq qəbul edildiyi İstanbul sarayında əgər məzar dağılması faktı təsdiq edilsə idi, elə Bəyazid özü Şahın üzərinə müharibə ilə gələrdi, öz taxt-tacını daha da möhkəmləndirərdi.
Katerino Zeno, Ciovan Mario Anciolello, Mikele Membre, Antonio Tenreiron kimi səyyahların əsərlərində, yol qeydləri ilə yanaşı Mövlana Məhəmməd Ədayi Şirazinin “Səlimnamə”, İdris Bidlisinin “Səlimşahnamə” və Şərəf xan Bidlisinin “Şərəfnamə” əsərlərində bu fakta rast gəlmək olardı əgər bu cürə hadisə olsa idi. Yaxud Məlik Şah-Hüseyn Sistaninin “Tarix-i ihyaül-müluk” Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə”, Mirzə Məhəmməd Məsumun “Tarix-i səlatin-i Səfəviyyə” əsərlərində bir cümlə olardı bu barədə.
Osmanl tarixçiləri İbn Kamalın “Təvarix-i Al-i Osman”, Xoca Sədəddin Əfəndinin “Tacüt-təvarix” (“Tarixlərin tacı”), Lütfi paşanın “Təvarix-i Osman” əsərləri, Qoca Hüseyn Əfəndinin “Bədayəül-vəqayə” kimi dövrə aid faktların olduğu əsərlərdə Əbu Hənifənin Şah tərəfindən dağıdlmasına aid bir sətir belə yoxdur.
Yaxud, Şah və onun tərəfdarları Əbu Hənifənin məzarına belə etsələr idi, yəqin ki, Bağdad osmanlıların əlinə keçdikdən sonra – XVI əsrin birinci yarısında Osmanlı dövləti icazə verməsəydi belə, yerli hənəfilər qisas almaq üçün şiə alimlərinin orda olan türbə və məqbərələrini uçurardılar. Tədqiqatçı Aras Səhrli haqlı olaraq yazır ki: “Əbu Hənifənin türbəsinə münasibət hər iki dövlət üçün həqiqətən də prinsipial məsələ olsaydı, Şah I Abbas 1624-cü ildə Bağdadı yenidən ələ keçirdikdən sonra yəqin ki, onu təkrarən uçurtdurardı.”
Mövzu ilə bağlı mənbələr təqdim edirəm ki, Şahın bu cürə etmədiyini təsdiq edir:
• Gallagher, A. “Poetry Attributed To Shah Ismail In The Study Of Anatolian Alevism”, 2018
• Prof. Dr. Süleyman Hayri Bolay, "Bektaşîlik ve Hanefi Mezhebi", Gazi Üniversitesi Türk Kültürü ve Наcı Bektaş Veli Araştırma Merkezi, Kadri Eroğan Hacı Bektaş Veli Armağanı, Ankara,1997
• Günümüz Türkçesiyle Evliya Çelebi Seyahatnamesi, Bağdat-Basra-Bitlis-Diyarbakır-Isfahan-Malatya-Mardin-Musul-Tebriz-Van, 2010)
• Abdulhamit Dündar, Selçuklular Devri Bağdat Medreseleri: İmam-ı Azam Ebu Hanife Medresesi Örneği (İstanbul: Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, Yüksek Lisans Tezi, 2012)
• Qadır, Hemn Mohammed. Osmanlı İdaresinde Bağdat (1638-1650). Konya: Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, 2019.
• Roger Savory, Iran Under The Safavids, Cambridge University Press, 1980
Daha çox mənbə yazmaq olar bu barədə. Yuxarıda da kifayət qədər müəllif adları yazmışam ki, onlar o dövrün bütün hadisələrini yazıblar, lakin Əbu Hənifənin məzarına hansısa müdaxilə barədə qeyd belə yoxdur onlarda. Son olaraq qeyd edim ki, indi bəzilərinin əllərində “dəlil” kimi tutduğu “Aləm arayi Səfəvi” –də yazılanları o dövrü yazan Həsən bəy Rumlunun “Əhsən ət təvarix” və İsgəndər bəy Munşinin “Tarixi aləm arayi Şah Abbas” əsərləri təsdiq etmir. Araşdırdığımız bütün mötəbər qaynaqlar və mənbələrdə hadisə barədə heç bir informasiya mövcud deyil. Ona görə Şah İsmayılın İslamın mötəbər ismi Əbu Hənifənin məzarını dağıtması barədə ciddi heç bir fakt yoxdur və olsa mütləq etibralı mənbələr onu təsdiq edərdi.
Allah Şah İsmayıla və Əbu Hənifəyə rəhmət eləsin.
Zaur Əliyev, tarixçi alim