"Rusiya Ermənistandakı fəaliyyətini yenidən gücləndirməyə başlayıb. Artıq bəzi məlumatlara görə, Rusiya 3-cü və 2-ci hərbi bazalarının ətrafında nəzarət etdiyi sahəni genişləndirir. Bu barədə yayılan informasiyalar Rusiya tərəfindən bölgədə hərbi və təhlükəsizlik sahəsindəki fəallığın artdığını göstərir."
Politoloq Azad Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib.
Məlumata görə, əvvəlki razılaşmalarda nəzərdə tutulduğu kimi, bu ərazilərdə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) nəzarəti həyata keçirəcək. Ermənistan tərəfi isə bu təşəbbüsə qarşı çıxmaq əvəzinə, prosesə razılıq verib. Hətta Ermənistan hökuməti Rusiya ilə birgə həmin yolların təhlükəsizliyinə və təmizlənməsinə nəzarət məqsədilə Dövlət Təhlükəsizlik Komitəsinin nəzdində xüsusi idarə yaradıb.
Erməni tərəfi bununla bağlı rəsmi bəyanat da yayıb. Politoloqların fikrincə, bu addım Moskvanın Cənubi Qafqazda mövqelərini bərpa etmək cəhdinin bir hissəsidir.
Bununla belə, ekspertlər qeyd edirlər ki, Rusiya bu istiqamətdə tam dominantlıq əldə etməyə çalışsa da, qarşısında əngəllər var. Politoloqlar hesab edirlər ki, ABŞ və Türkiyə kimi oyunçuların bu proseslərə birbaşa müdaxiləsi, eləcə də beynəlxalq səviyyədə qəbul edilən qərarlar Rusiyanın bölgədəki manevr imkanlarını məhdudlaşdırır.
Xatırladaq ki, son dövrlərdə ABŞ-da bu mövzu ilə bağlı qanun layihələri irəli sürülüb və bu da Qərbin Cənubi Qafqazdakı proseslərə daha yaxından nəzarət etməyə çalışdığını göstərir.