Sosial şəbəkələrin Rusiya seqmentində döyüşlərdə qəhrəmanlıq göstərmiş bir əsgər haqqında məlumat yayılır. "Gazeta" yazır ki, əsgər İvan Polozin Rusiya Silahlı Qüvvələrinin bir qrup döyüşçüsünə hücum etmək istəyən Ukrayna pilotsuz uçuş aparatını (PUA) əli ilə bloklayıb. Hərbçinin özü də jurnalistlərə açıqlama verib.
Həmin şəxs "Çentr" qoşun qrupunun tərkibində 9-cu motoatıcı briqadanın 2-ci motoatıcı batalyonunda atıcı kimi xidmət edir. O bildirib ki, insident qondarma Donetsk Xalq Respublikasının (DXR) Novoaleksandrivka qəsəbəsinə hücum zamanı baş verib.
"Biz yaşayış məntəqəsi ərazisinə daxil olduq və yerləşmə başa çatırdı. Açıq ərazidə 300 metr qaçmalı olduq. Kəndin başlanğıcında gizlənmək mümkün deyildi, hər şey qırılıb dağılmışdı. Biz ən yaxın bir evi tapıb içəri atladıq və bu zaman dron bizi gördü", - Polozin hadisəni belə xatırlayıb.
Onun sözlərinə görə, ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçiləri Rusiya döyüşçülərinin mövqeyinə yeddi pilotsuz uçan aparatı atıblar. Onlardan altısı vurulub. Lakin bir PUA pəncərədən uçub.
"Mən onu əlimlə yerə saldım və 1,5-2 metr bizdən aralıda partladı. Orada otaqda daha dörd nəfər əsgərimiz var idi. Məlum oldu ki, əslində mən onları da xilas edmişəm”, - rus əsgər deyib.
Rusiyalı hərbçi qeyd edib ki, o, ciddi xəsarətlərdən qaça bilib - Ukrayna Silahlı Qüvvələrinin PUA-sının qarşısını alarkən yararlandığı qolu isə yaralanıb. Lakin Polozinin dörd yoldaşı xəsarət almayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural