"Medinski, Rusiya cümhuriyyətinin nümayəndəsi olaraq bildirib ki, Rusiyanın 21 illik Şimal müharibəsi, 5 illik və İkinci Dünya müharibəsi təcrübəsi var. Yəni, Rusiyanın həm insan resursları, həm də digər imkanlar baxımından kifayət qədər potensialı mövcuddur və ölkə döyüşməyə hazırdır. O əlavə edib ki, Rusiya Ukraynada təhdid yaratmağa qadirdir."
Politoloq Oqtay Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Faktiki olaraq, Vladimir Putin qarşısına qoyduğu məqsədlərə doğru getməkdə qərarlıdır. Hazırkı ABŞ administrasiyasının davranışları da buna müəyyən qədər yaşıl işıq yandırır. Rusiyanın son dövrlərdə artan hücumları, o cümlədən Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri və dron hücumları ilə həyata keçirdiyi hərbi əməliyyatlar, ABŞ tərəfindən ciddi şəkildə qarşılanmır. Yalnız epizodik münasibət bildirilir və daha çox Avropa ölkələri tərəfindən reaksiya verilir.
Lakin Avropanın da hal-hazırda Rusiyanın aqressiyasına qarşı duracaq ciddi hərbi potensialı olduğunu söyləmək çətindir. Çünki son 80 ildə Avropa, əsasən, ABŞ-ın təhlükəsizlik şemsiyəsi altında yaşayıb.
Bu baxımdan, Rusiyanın qarşısında böyük bir yay hərbi kampaniyasının planlaşdırıldığı görünür. Verilən məlumatlara görə, Rusiya bütün cəbhələrdə genişmiqyaslı hücum əməliyyatlarına hazırlaşır və təxminən 600 minlik bir ordu toplanmaqdadır."-deyə fikirlərini bildirib.