Çatdırılma xidməti aparan robotlar xüsusi nömrələrlə təmin edilə bilər. Həmçinin onların sürətinin 25 km/saat ilə məhdudlaşdırılması planlaşdırılır. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Nəşr “Yandex” şirkəti tərəfindən Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmiş yeni eksperimental hüquqi rejim (EPR) layihəsinin məlumatlarına istinad edib.
Məqalədə qeyd olunub ki, robot kuryerlərin hüquqi statusu hələlik heç bir şəkildə tənzimlənməyib. İndi isə ilk dəfə olaraq Rusiya Federasiyası belə avadanlıqların küçələrdə fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etmək istəyir. EPR layihəsi qüvvəyə minərsə, çatdırılma xidməti aparan robotlar səkilər, yol kənarları, yolun sağ kənarı və binaların daxilində hərəkət edə biləcək, lakin kəsişmələrdə onlardan svetofora tabe olmaq tələb olunacaq.
Sənədin müəllifləri həmçinin robot kuryerləri fənərlər, reflektorlar, qırmızı əyləc işıqları, lidarlar və pozuntulara nəzarət etmək üçün QR kodlarla təchiz etməyi təklif ediblər. Bundan əlavə, piyada keçidlərindən keçərkən bu avadanlığın sürətinin 6 km/saat, səkilərdə isə 10 km/saat həddinə qədər məhdudlaşdırılması təklif olunur.
Əgər çatdırılma robotu qəzaya səbəb olarsa, zərər çəkən tərəf 500 min rubla qədər təzminat tələb edə bilər. Lakin Yandex-in məlumatına görə, indiyədək robot kuryerlər ciddi nəticələrə səbəb olan qəzalara səbəb olmayıb.
Tural