“Regiondakı siyasi böhran Azərbaycan üçün risklidir” Vahid Məhərrəmli

“Regiondakı siyasi böhran Azərbaycan üçün risklidir” Vahid Məhərrəmli
14:08

Son illərdə beynəlxalq arenada müşahidə olunan siyasi gərginliklər və münaqişələr dövlətlərarası iqtisadi əməkdaşlıqlara birbaşa təsir göstərməkdədir. Müharibələr, siyasi qarşıdurmalar və qeyri-sabitlik yalnız qlobal maliyyə sistemində dalğalanmalara səbəb olmur, eyni zamanda beynəlxalq ticarət əlaqələrini pozur, sərmayə axınını zəiflədir və qeyri-müəyyənlik mühiti yaradır.

Qlobal iqtisadi inteqrasiyanın bir hissəsi olan Azərbaycan da baş verən bu proseslərdən təcrid olunmuş deyil. Xüsusilə regionda yaşanan hərbi-siyasi böhranlar ölkə iqtisadiyyatı üçün riskləri artırır.

Son dövrlərdə baş verən İran–İsrail qarşıdurması da Azərbaycan üçün narahatedici məqamlar doğurub. Ölkəmiz hər iki dövlətlə müxtəlif sahələr üzrə iqtisadi münasibətlərə malikdir. Hazırda bölgədə atəşkəs rejimi elan edilsə də, ekspertlər vəziyyətin hər an dəyişə biləcəyini və gərginliyin yenidən alovlana biləcəyini istisna etmirlər.

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli News365.az-a açıqlamasında bildirib ki, regionda istənilən siyasi mürəkkəblik Azərbaycan üçün neqativ nəticələr doğura bilər:

“Azərbaycanın həm İran, həm də İsraillə iqtisadi əlaqələri var. İrana təxminən 730 milyon dollar dəyərində neft məhsulları ixrac edirik. Eyni zamanda, İrandan 650 milyon dollarlıq müxtəlif növ ərzaq və sənaye məhsulları idxal olunur. Vətəndaşların istehlak etdiyi kərə yağının 15 faizi İrandan gətirilir və bu məhsul üzrə İran ikinci əsas tədarükçü sayılır”.

Ekspert əlavə edib ki, bu kimi qarşıdurmaların uzunmüddətli davam etməsi tədarük zəncirinə, qiymət sabitliyinə və ərzaq təhlükəsizliyinə mənfi təsir edə bilər.


Sizin reklam burada
Sizin reklam burada