Məzarlığa
getmişdim. Qəbristanın girişində bir məmura böyük torpaq sahəsində nəhəng qara
mərmərdən daş qoyulmuşdu. Üstündə də kabinetdə kreslodakı şəkli. Ayaq saxladım.
Xeyli düşündüm, ətrafa baxdım, gördüm qəbrin üstünə kamera da qoyublar. Bəlkə də
sağlığında qanını içdiyi, rüşvət aldığı adamlardan narahat olub yaxınları...
Yəni, qəbrə
baxanda hiss olunur ki, bilməyiblər pulu qəbrin harasına səpsinlər, ona görə
ağıla gəlməz oymalar, bəzəklər, qalın betonlarla sütunlar düzəldiblər... Böyük
və bahalı daşlarla hasara da alıblar. Yer, döşəmə də xüsusi cəlbedici mərmərdən
döşənib. Qapqara nəhəng daşın heybəti, daşa görə də döyülmüş böyük şəklin zəhmli
və qəddar baxışları sanki bütün qəbirləri qorxu içində saxlayırdı. Başqa qəbirlər
kiçik və cılız görünürdü. Başqa məzarlardakı şəkillər yağışlı havada
dayanacaqda bürüşən arıq poçtalyona oxşayırdı, müəllimin kresloya gərəlmiş yekəqarın
şəklinin yanında. Sanki həyatda olduğu kimi məzarlıqda da camaatı vahimə içində
saxlayırdı məmur lələ...
Çərbəndin dəmir
qapısına da böyük və kodlu qıfıl vurulmuşdu. Qəbrin üstündə də bütün titulları,
vəzifələri yazılmışdı. Sanki yerin altında lazım olacaqmış. Danmıram, rəhmət
deməyə dilim gəlmədi. Çünki məzarın görkəmi, şəkil sanki deyirdi ki, sizin rəhmətinizə
filana ehtiyacım yoxdur, baxın, titullarımı oxuyun, sürüşün buradan...
Sağlığında
kasıb salamını almayan məmur olduğu o saat hiss olunurdu...
Yanında da
bütün tayfası yerləşəcək qədər yer saxlatmışdı... Açıq hiss olunurdu ki, öləndən
sonra da hələ gözü doymayıb.
Tural İrfan, ilahiyyatçı