Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək

Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək
15:34

"İşğaldan azad olunmuş ərazilərimizin ümumi iqtisadi potensialı yüksək qiymətləndirilir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Nəzərə alsaq ki, hər bir rayon üzrə iqtisadi potensial ayrıca dəyərləndirilir, görürük ki, bəzi rayonlarda sənaye, digərlərində aqrar sahə, bəzilərində isə turizm və nəqliyyat sektoru ön plana çıxır. Bu da onu göstərir ki, işğaldan azad olunmuş hər bir rayon kifayət qədər böyük və müxtəlif iqtisadi imkanlara malikdir.

Təbii ki, bu potensialdan tam istifadə olunması üçün genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Artıq biz Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tədricən bərpa olunduğunu və bu ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesinin getdiyini müşahidə edirik. Bu, bir tərəfdən ölkə iqtisadiyyatına əlavə dəyər yaradırsa, digər tərəfdən həmin bölgələrdə məskunlaşma prosesini də sürətləndirir”.

Millət vəkili bildirib ki, artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayır və çalışır:

“İlkin qiymətləndirmələrə əsasən, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycan iqtisadiyyatına 15 milyard manata yaxın əlavə dəyər qazandıra bilər.

Konkret sektorlar üzrə aparılan qiymətləndirmələr isə göstərir ki, hər bir rayonun özünəməxsus müqayisəli üstünlüyü mövcuddur. Məsələn, Ağdam rayonunun sənaye sahəsində önə çıxacağı gözlənilir. Füzuli rayonu isə nəqliyyat-logistika baxımından strateji əhəmiyyət daşıyır. Şərqi Zəngəzur bölgəsində aqrar sahə və turizm inkişaf etdiriləcək. Xankəndi və Şuşa şəhərlərində isə həm turizm, həm də sənaye sektorunun inkişafı nəzərdə tutulur”.

Son olaraq V.Bayramov əlavə edib ki, işğaldan azad olunmuş rayonlarımızın iqtisadi potensialı kifayət qədər böyükdür. Bu potensial isə yaxın gələcəkdə Qarabağın Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməsinə imkan verəcək.


Sizin reklam burada
Sizin reklam burada