Bu gün Azərbaycanın tanınmış xəbər portallarından biri olan Modern.az-ın fəaliyyətə başlamasının 17-ci ildönümüdür.
News365.az xəbər verir ki, 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayan Modern.az ötən 17 il ərzində Azərbaycan onlayn media məkanında özünəməxsus dəst-xətti, operativliyi və peşəkar yanaşması ilə seçilən informasiya platformalarından birinə çevrilib.
Portalın təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.
Modern.az fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda, regionda və dünyada baş verən mühüm hadisələri operativ şəkildə oxucularına çatdırmaqla yanaşı, araşdırma, müsahibə, reportaj, analitik yazılar və xüsusi layihələri ilə də diqqət çəkib.
Siyasət, parlament, təhsil, sosial məsələlər, iqtisadiyyat, Qarabağ, mədəniyyət, diaspor və beynəlxalq münasibətlər portalın əsas istiqamətlərini təşkil edir.
17 il ərzində Modern.az üçün əsas prinsiplərdən biri də dəqiqlik, obyektivlik, qərəzsizlik və ictimai məsuliyyət olub. Xəbər və şərhin fərqləndirilməsi, məlumatların yoxlanılması və müxtəlif mövqelərin təqdim olunması portalın media fəaliyyətində mühüm yer tutur.
Son illərdə texniki və məzmun baxımından yenilənən Modern.az beynəlxalq auditoriyaya çıxış imkanlarını da genişləndirib. 2026-cı ilin avqustunda özbək və erməni dili versiyalarının istifadəyə verilməsi ilə portalda yayımlanan dillərin sayı 7-yə çatıb. Hazırda Modern.az Azərbaycan, ingilis, rus, türk, fars, özbək və erməni dillərində fəaliyyət göstərir.
Bu 17 il sadəcə bir media qurumunun fəaliyyət müddəti deyil. Bu, Azərbaycanın informasiya məkanında keçilmiş uzun və məsuliyyətli yol, minlərlə xəbər, yüzlərlə müsahibə, reportaj və araşdırma, ən əsası isə oxucu etimadının formalaşdırılması deməkdir.
News365.az kollektivi olaraq Modern.az-ı 17 yaşının tamam olması münasibətilə səmimi-qəlbdən təbrik edir, kollektivinə yeni yaradıcılıq uğurları, möhkəm komanda ruhu və fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.
Arzu edirik ki, Modern.az bundan sonra da Azərbaycan mediasında öz dəst-xətti ilə seçilsin, peşəkar jurnalistikanın inkişafına töhfə versin və oxucularının etimadını daim doğrultsun.
17 yaşın mübarək, Modern.az!