Meyvələr sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Lakin sadə görünən bu qida qrupu ətrafında da zamanla bir çox yanlış fikirlər formalaşıb.
News365.az -ın məlumatına görə, həqiqətdə isə bəzi bu “qızıl qaydalar”ın heç bir elmi əsası yoxdur. Gəlin, bu miflərin bəzilərinə birlikdə aydınlıq gətirək.
1. "Acqarına meyvə yemək mədəni yandırır" – Yalandır
Ən çox yayılan inanclardan biri budur ki, acqarına meyvə, xüsusən də turş meyvələr mədəyə zərər verir. Halbuki insan mədəsi son dərəcə güclü qoruma sisteminə malikdir – mədə turşusunun özü meyvə turşularından dəfələrlə güclüdür.
Nəticə: Səhərlər alma, portağal və ya kivi yeməkdən çəkinməyə ehtiyac yoxdur. Əksinə, bu meyvələr günə enerjili başlamaq üçün əla seçimdir.
2. "Axşam meyvə yemək kökəldir" – Əsasız qorxu
Bəli, meyvələrdə təbii şəkər – fruktoza var. Amma bu şəkər bədənə enerji verir və xüsusən də beyin funksiyası üçün gecə saatlarında belə əhəmiyyətlidir.
Məsələn, bir alma 20 qram şəkər ehtiva edir, amma beynimiz bir gecədə bundan da çox qlükoza sərf edir.
Nəticə: Axşam alma və ya digər meyvələr yemək çəki artımına səbəb olmur. Əgər meyvə istəyirsinizsə, rahatlıqla yeyin.
3. "Meyvə qəlyanaltı üçün uyğun deyil" – Əksinə, çox uyğundur
Bəzi insanlar düşünür ki, meyvə iştahı daha da artırır. Amma əslində meyvələr liflə zəngin, kalorisi aşağı və doyurucu qidalar sırasındadır. Bu onları günorta saatlarında və ya yeməklər arasında ideal qəlyanaltı halına gətirir.
Nəticə: Təbii, təmiz və ləzzətli qəlyanaltı axtarırsınızsa – meyvə əla seçimdir.
4. "Fruktoza qaraciyəri zədələyir" – Doğrudur, amma...
Dozası keçildikdə, xüsusən də emal olunmuş şəkərlərlə birlikdə qəbul ediləndə fruktozanın qaraciyərə təsiri mümkündür. Amma bu, meyvəni deyil, həddindən artıq şəkər yüklü qidaları əhatə edir. Gündəlik 1–2 porsiya təbii meyvə sağlam bədən üçün heç bir təhlükə yaratmır.
Nəticə: Ölçünü qoruduqca meyvə orqanizm üçün faydalı və təhlükəsizdir.
News365.az