Sumqayıt Apellyasiya Məhkəməsində "Qurtuluş" reabilitasiya mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanovun barəsində olan həbs qətimkan tədbiri qərarından verdiyi şikayətə baxılıb.
News365.az-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Qərara görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb və şikayət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında "Qurtuluş" reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.