“İran Qətərə zərbə endirməklə regionda özünü təklədi”- Turan Rzayev

“İran Qətərə zərbə endirməklə regionda özünü təklədi”- Turan Rzayev
26 İyn 2025 17:25

İran ilə İsrail arasında yaşanan 12 günlük gərginlik bir çox baxımdan diqqət çəkdi. Belə ki, hərbi baxımdan gərginlik qısa olsa da, doğuracağı nəticələr maraqla gözlənilir. Çünki bu lokal qarşıdurma təkcə Yaxın Şərqin iki düşmən dövlətini qarşı-qarşıya qoymadı, eyni zamanda regionda formalaşmaqda olan geosiyasi blokların konturlarını daha da kəskinləşdirdi. Xüsusilə də İranın bu gərginlik fonunda Qətərə endirdiyi zərbə, məsələyə yalnız Təl-Əviv-Tehran konfrontasiyası kimi baxmağın kifayət etmədiyini göstərdi. 

Artıq hadisələrin mərkəzində İranın bütövlükdə ərəb coğrafiyasına münasibəti və bunun fonunda İbrahim Sazişinin gələcəyi dayanır. Düzdür, onu da demək lazımdır ki, İran tərəfi Qətərə zərbə endirmədən öncə bununla bağlı məlumat verib. Lakin bütün hallarda Tehran Qətər kimi mülayim və neytral mövqe tutmağa çalışan bir ərəb ölkəsini hərbi zərbəyə məruz qoymaqla faktiki olaraq regiondakı bütün sünni ərəb dövlətlərinə mesaj verdi: “Siz İsrailə yaxınlaşsanız, biz sizə qarşı güc tətbiq edərik”.

Hesab edirəm ki, bu mesaj nəzərdə tutulduğundan tam əks təsir yaradacaq. İranın Qətərə hücumu strateji və diplomatik baxımdan yanlış idi. Çünki Qətərə zərbə endirilməsi, İranı “müdafiə edən” ölkə statusundan çıxararaq regionda təhdid yaradan, təcavüzkar güc obrazına saldı. Bu isə hər şeydən öncə ABŞ–İsrail–Ərəb üçbucağının ortaq təhlükə konsepsiyasını daha da gücləndirir. Başqa cür desək, İbrahim Sazişi çərçivəsində yaranan əməkdaşlıq platformasını Tehran bilərək və ya bilməyərək legitimləşdirmiş oldu.

Subyektiv olaraq bu qənaətdəyəm ki, ABŞ uzun müddətdir Yaxın Şərq regionunda NATO bənzəri bir hərbi pakt yaratmaq istəyir. Daha dəqiq desək, İbrahim Sazişinin əsas məqsədi və məramı məhz budur. Düzdür, İbrahim Sazişləri ilkin mərhələdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, daha sonra Sudan və Mərakeşin İsraillə diplomatik münasibətlər qurması məqsədilə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış razılaşmalar silsiləsidir. Lakin yekun məqsədin qeyd etdiyim Yaxın Şərq NATO-su olması istisna deyil.

Onsuz da Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və İsraillə diplomatik əlaqələr quran digər ərəb dövlətləri bu münasibətlərə artıq sadəcə iqtisadi və texnoloji əməkdaşlıq çərçivəsində baxmırlar. İranın Qətər addımı da göstərdi ki, İbrahim Sazişi artıq diplomatik sənəd deyil, regional təhlükəsizlik arxitekturasının bir hissəsinə çevrilməkdədir.

Ərəb liderləri hazırda ciddi seçim qarşısındadır: ya İranla açıq qarşıdurmaya girəcəklər, ya da İsraillə əməkdaşlığı dərinləşdirərək özlərini kollektiv müdafiə sisteminə bağlayacaqlar. Geosiyasi rasionallıq isə ikinci variantı diktə edir.

İranın bu addımı onu regionda daha da təkləyir. Düzdür, Tehran mövcud reallıqlar fonunda özünü qorumağa çalışır, amma bütün hallarda ya İsrailin tələsinə düşür, ya da uzaqgörən addımlar atmır. Xüsusilə qeyd etmək lazımdır ki, İranın aqressivliyi onun daxili zəifliyindən doğur. Gərginliyin pik həddində İranın ali dini rəhbərinin gizlənməsi, rejimin generallarını və nüvə alimlərini itirməsi, ölkə daxilində narazılıqları daha da artırmışdı. Qətərə zərbə vurmaqla İran öz iç ictimaiyyətinə “mən hələ buradayam” mesajı verməyə çalışdı. Amma bu cəhdin regional effekti tam əksinə oldu. Bu isə İsrail üçün arzulanan ssenaridir.

Nəticə etibarilə, 12 günlük gərginlik və onun Qətər epizodu göstərdi ki, İranın atdığı hər yeni addım, regionda ona qarşı daha genişmiqyaslı və legitim bir koalisiya formalaşdırır. İbrahim Sazişinin mahiyyəti və gələcəyi isə artıq təkcə diplomatik münasibətlər sistemində deyil, regional təhlükəsizlik müstəvisində də müəyyənedici faktora çevrilir. 

Hələlik konkret olaraq “Yaxın Şərq NATO-su yaranır” demək düzgün olmazdı, amma prosesin bu istiqamətə doğru getdiyi aydındır və İran İsrailin tələsinə düşərək, bu prosesə özü təkan verir.

Müəllif: Politoloq Turan Rzayev


Sizin reklam burada
Sizin reklam burada