Həmin filmə medal verildi

Həmin filmə medal verildi
30 İyl 2025 16:17

“Fransız Qvianasının katolik pansionatları, yara” adlı sənədli film Fransız Qvianasında “Dünya inqilabçıları” kinofestivalında “Məktəblilərin Münsiflər Heyətinin Medalı” ilə təltif olunub.

News365.az-ın məlumatına görə, “France TV”nin ərsəyə gətirdiyi sənədli film Fransız Qvianasında 1930-2023-cü illər arasında mövcud olmuş “Homes İndiens” katolik pansionatlarından bəhs edir.

Əsasən aborigenlər – Amerendienslər olmaqla ümumilikdə 2000-ə qədər uşaq həmin pansionatlarda yerləşdirilib və təhsil alıb. Burada əsas məqsəd aborigenlərin məqsədyönlü şəkildə assimilyasiya edilməsi olub.

Yerli ailələrdən zorla qopardılmış və pansionatlara yerləşdirilmiş uşaqlara yalnız fransız dili və tarixi öyrədilib. Fransa hökuməti ilə katolik kilsə arasında bu məsələdə sövdələşmə mövcud olub. Fransanın məqsədyönlü assimilyasiya siyasətinə uyğun yanaşma tətbiq edən bu pansionatlar məhz rəsmi Paris tərəfindən maliyyələşdirilirib.

Sənədli filmdə pansionatın birində çalışan Anne-Marie adlı rahibə etiraf edir ki, onlara yuxarıdan göstəriş gəlib ki, uşaqlar yalnız fransız dilində danışmağı öyrənməlidirlər, yerli dildə danışmaq qadağandır. Uşaqlar ana dillərində danışdığı zaman sərt şəkildə cəzalandırılırdılar.

Fransa hökuməti bu maliyyələşdirməni sosial yardım kimi rəsmiləşdirib. Lakin çətinlik ondan ibarət idi ki, yardım yalnız Fransa vətəndaşlarına göstərilə bilərdi və Amerendienslər, hətta İkinci Dünya Müharibəsindən sonra belə uzun müddət bu statusa yiyələnə bilməyiblər. Fransa hökuməti bu çətinliyi aradan qaldırmaq üçün uşaqları yetim kimi qeydiyyatdan keçirib. Bu və fransız dilinin məcburi öyrədilməsi uşaqların öz ailələri ilə əlaqənin itirməsi ilə yanaşı, onlarda psixoloji problemlərin peyda olunmasına səbəb olub.

Məlumat üçün bildirək ki, 1930-cu illərdən etibarən Fransız Qvianasında təxminən 2000 yerli hindu və köləlikdən qurtulmuş qaradərili qulların uşaqları kəndlərindən uzaqlaşdırılıb, ailələrindən qopardılaraq “Hind evləri” adlı katolik internatlara yerləşdiriliblər.

Onlar özlərini ailədən tamamilə qoparılmış kimi hiss etdiklərini, bu xatirələri silməyin mümkün olmadığını deyirlər:

“Bu, insanın yaddaşından silinməyən kabus kimidir”.

Fransalı rəsmilərin hədəfi bu uşaqları ciddi dini təlimlər vasitəsilə xristian dəyərlərinə uyğun “əsl fransız” kimi yetişdirmək olub.

2022-ci ilin sentyabrında aparılan tarixi araşdırma müqəddəs “kolonial üçlüyü” – yəni beyin yuma, xristianlaşdırma və zorakı assimilyasiya siyasətini gün üzünə çıxarıb.

Bu siyasət əvvəlcə katolik kilsəsi tərəfindən müstəmləkə dövründə tətbiq olunmuş, daha sonra Fransa dövləti tərəfindən vicdansızcasına təqribən bir əsr ərzində davam etdirilib.

Bu gün yerli hindu assosiasiyaları katolik internatlarını müstəmləkə cinayəti kimi qiymətləndirir, həqiqət və sülh komissiyasının yaradılmasını tələb edirlər. Bu proses bəzi keçmiş internat şagirdlərinin yaşadıqları travmaları ifadə etməsinə və bir çoxunun sağalmaz yara kimi daşıdığı keçmişin az da olsa, qaysaq bağlamasına şərait yarada bilər.

Zorakı assimilyasiya qurbanlarından biri hazırda 94 yaşı olan Aqnesdir. Onun Homes İndiens” katolik pansionatlarının birində fotosu çəkiləndə 11 yaşı olub.

Aqnes Kalina hindularının yaşadığı Pointiser adlı sahil kənarı bir kənddə böyüyüb. Onun uşaqlıq illəri ov və balıqçılıq hekayələri ilə keçib.

Amma Aqnes hindu kimi uşaq həyatından çox az zövq ala bilib. Anası vəfat etdikdən sonra Manadakı rahibələrə verilib və bir neçə il öz kəndindən bir neçə saat uzaqda yerləşən internatda yaşamalı olub. Bura artıq onun üçün tamam başqa bir dünya idi və həmin xatirələri yada salmağa gücü artıq yetmir...

Başqa bir qurban Kadi isə doğulduğu kənddən uzaqlaşdırılandan sonra yavaş-yavaş valideynləri ilə danışdığı kalina dilini unudub. İnternatda o, doğma dilini tamamilə yaddan çıxarıb.

"Bəzən mahnı oxuyurduq. Amma nə oxuduğumuzu bilmirdik. Dua edirdik, amma kimə dua etdiyimizi bilmirdik. Uşaqkən bu mənim üçün heç nə ifadə etmirdi".

Kadi assimilyasiya prosesi tamamlanarsa, adamın bütün kimliyini, kimliyinin mahiyyətini itirdiyini deyir:

"Məqsəd budur. İnternatlar bu prosesin bir hissəsidir".

1980-ci illərin əvvəlində Fransız Qvianasındakı səkkiz katolik internatdan beşi bağlanıb. Yerli hərəkat isə mübarizəyə hazırlaşırdı. İlk etiraz aksiyası 1984-cü il dekabrın 8-9-da baş tutur. Kəşfiyyat qeydlərində əvvəlcə bu hadisə sadəcə folklor tədbiri kimi təsvir edilir – Avala-Yalimapoda rəqs və musiqi qruplarının çıxış edəcəyi, minə yaxın iştirakçının gözlənildiyi qeyd olunur. Məsələnin siyasi tərəfi qəti şəkildə dilə gətirilmirdi. Rəsmi şəxslər və seçilmiş nümayəndələr bu cür tədbirlərə dəvət edilirdi. Onlara Amazoniyanın ənənəvi içkisi olan kaşiri təqdim edilirdi və tədbir adətən bu şəkildə yekunlaşırdı. Amma bu dəfə çıxışların başlaması hamını təəccübləndirib:

“Bizi əzdiniz, bizi xalq kimi, fərd kimi, sizinlə bərabər hüquqlara malik insanlar kimi görmədiniz”.

Feliks Tiyuka Fransa hökumətinə xitab edərək həm dövlətə, həm də Qviananın yerli nümayəndələrinə qarşı sərt tənqidlər səsləndirib: “Biz artıq digər fransızlar kimi olmaq istəmirik. Tamhüquqlu vətəndaş da olmaq istəmirik. Biz torpaqlarımız üzərindəki hüququmuzun, hindu kimliyimizi qoruyub saxlamaq, mədəniyyətimizi və institutlarımızı inkişaf etdirmək hüququmuzun tanınmasını tələb edirik”.

Bu çıxış silkələnmə yaratmışdı. Fransız Qvianasında yerli hindi dünyasının və ümumiyyətlə cəmiyyətin sarsıldığı dövr idi. Bu hərəkatın simaları isə Tomas Apoliner, Pol Henri və əlbəttə, həmin məşhur çıxışı edən Feliks Tiyuka olub.

2022-ci ilin sentyabrında jurnalist Elen Ferrarini Fransız Qvianasındakı katolik internatlarının tarixinə həsr olunmuş kitab nəşr etdirib. Onun araşdırması uşaqların məcburi internata cəlb edilməsi, xristianlaşdırma və assimilyasiya faktlarını gün üzünə çıxardı. Bu prosesin təsirləri bir neçə nəslə təsir edib.

7 il əvvəl yayımlanan bir hesabatda gənc hindular arasında intihar hallarının çoxalması qeydə alınıb. Bu gənclər həm köklərindən qopmuş, həm də qərb dünyasında özlərinə yer tapa bilməyənlər idi.

İnternat siyasəti Cənubi Afrikada, yaxud Avstraliya və Kanadada yerli xalqlara qarşı həyata keçirilən siyasətlərə bənzəyir. BMT-nin təşviqi ilə bəzi qurumlar artıq Fransız Qvianasındakı internatlarla bağlı Həqiqət və Sülh Komissiyasının yaradılması ideyasını müzakirə etməyə başlayıblar.

Müstəmləkəçilik dövrünün fəsadlarını üzə çıxarmaq istəyi yeni bir fikir deyil. Bu, artıq beynəlxalq miqyas almış bir fəaliyyətdir. Lakin Fransada bu məsələ hələ də tabu və həssas bir mövzu olaraq qalır. Utanc hissi, qorxu və ya başqa səbəblərdən dolayı susurlar. Keçmişdə internatlara göndərilmiş uşaqlar susdular. Artıq cəmiyyət onları dinləməlidir.

Əlbəttə, Fransız Qvianasındakı internatlarda uşaqlara qarşı tətbiq olunan zorakılıq Kanadadakı hallar qədər ağır olmamış ola bilər. Kanadada kütləvi məzarlıqlar, tibbi eksperimentlər ortaya çıxıb. Fransız Qvianasında bu səviyyədə faktlar qeydə alınmayıb. Lakin dillərin, milli kimliyin repressiyası belə, bir xalqı məhv etməyə yönəlmiş zorakılıqdır. Bu cür zorakılığa bu gün “mədəni soyqırımı” deyirik. Bu, fiziki yox etmə deyil, mədəniyyətin məhv edilməsidir. O məşhur şüar yada düşür: “Hindunu öldür, insana çevrilsin”. Bu şüar 1950-ci illərdə Fransız Qvianasında bir fransız məmur tərəfindən səsləndirilib. O belə deyib: “Hindular yoxa çıxmalı, onların yerini fransız qvianalılar almalıdır”. Bu isə açıq şəkildə assimilyasiya və müstəmləkəçi düşüncənin təzahürüdür.

Bir çoxları üçün internatlar Fransız Qvianasının işğal tarixinin sonuncu, lakin travmatik fəslidir. Qızıl axtaranlar, missionerlər və müstəmləkəçilərin ortaq cəhəti odur ki, dəniz yolu ilə gəliblər. Yerli hindular - Kalinlər əsrlərdir, onlara yalnız bədbəxtlik gətirən bu adamları belə adlandırırdılar: "Pas la nagigle", yəni “dənizin pis ruhları” deməkdir.

Azadlıq, bərabərlik və qardaşlıq prinsipləri adı altında Fransa dövləti katolik internatlarını yerləşdirməklə, hindu xalqına yalnız zorakılıq tətbiq edib. Torpaqların əllərindən alınması, ailələrə zorla müdaxilə bu xalqların sosial və mədəni nizamını ciddi şəkildə sarsıdıb. Internatlar bir çox hindular tərəfindən Fransız müstəmləkəçiliyinin son balta zərbəsi kimi qəbul edilir. Hələ də qanayan yara və bir travmadır. Və onlar bu yaranı necə sağaldacaqlarını bilmirlər.

Qeyd edilənlərlə yanaşı, sənədli filmdə Amerendienslərin Fransa hökuməti tərəfindən ucuz işçi qüvvəsi kimi Kuru kosmodromunun tikilməsi zamanı işlədilməsi barədə də məlumat verilir.

Sözügedən film hazırda “France TV”nin rəsmi internet səhifəsində bu ilin 11 noyabrına qədər baxışa açıqdır.






Sizin reklam burada
Sizin reklam burada