Həbsdə olan tanınmış dini və siyasi fiqur, keşiş Srpazan Baqrat Qalstanyanın tərəfdarlarından üç nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın yerli media orqanları yazıb.
Mənbə qeyd edir ki, saxlanılan şəxslər (Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan) ölkədəki müxalif "Müqəddəs mübarizə" hərəkatının fəal üzvləridir.
Hadisə İrəvanda yerləşən körpülərdən birində baş verib. Belə ki, bu üç nəfər üzərində “Siyasi məhbuslara azadlıq!” yazılmış plakatı asmağa cəhd göstərərkən polis tərəfindən saxlanılıblar.
Qeyd edək ki, “Müqəddəs mübarizə” hərəkatı son aylarda Ermənistan hökumətinə qarşı kəskin etirazlar keçirir. Onlar hakimiyyəti dini və müxalif fiqurları susdurmaqda, konstitusion hüquqları pozmaqda ittiham edirlər.
Hazırda saxlanılan şəxslərin hüquqi vəziyyəti barədə rəsmi açıqlama verilməyib.
Onların nə ilə ittiham olunduğu və hansı maddə ilə barələrində tədbir görüləcəyi barədə məlumat yaxın vaxtlarda veriləcək.