“Ədalətli ölkə, ehtiyacı olana yardım edən ölkədir.”
News365.az xəbər verir ki, bu sözləri müsahibəsində
Milli Məclisin deputatı, “Böyük Azərbaycan” Partiyasının sədri Elşad Musayev
deyib.
Həmin müsahibəni təqdim edirik:
- Siz 1990-cı illərdən bəri siyasətdəsiniz. O
vaxtkı və indiki siyasi mühit arasındakı ən böyük fərq nədir?
O vaxtkı dövr ilə indiki dövrün fərqi ondan ibarətdir ki, biz o zaman SSRİ adlı böyük bir imperiyadan ayrılmışdıq. Həm iqtisadi baxımdan çox çətin vəziyyətdə idik, ərazilərimiz işğal olunurdu, əhalinin müdafiə olunmaq üçün silah-sursatı yox idi. Potensial və istək olsa da, vəziyyət çox ağır idi. Eyni zamanda o dövrdə biz imperiyadan çıxdığımız üçün ümidlər daha çox idi. Fərq bundadır ki, biz artıq müstəqilliyimizi qazanmışıq. Təqribən 30 il ərzində ərazilərimizin böyük bir hissəsi işğal altında qalmışdı. O vaxtdan xeyli müddət keçib. Biz millət və dövlət olaraq toparlanıb həm ermənilər, həm də onların arxasında dayanan məkrli qüvvələr üzərində qalib gəlib, işlərimizi böyük mənada həll etmişik. İndi isə mövcud reallıqlar çərçivəsində yaşayırıq.
- Siz Milli Məclisdə Əmək və Əhalinin sosial
siyasət komitəsinin sədr müavinisiniz. Hazırda ən aktual sosial problemlər
hansılardır və onların həlli üçün nə kimi təşəbbüslər var?
Əmək və Əhalinin sosial siyasəti ölkənin əsas prioritet sahələrindən biri olmaqla yanaşı, Milli Məclisdə də, əsas komitələrdən biridir. Bildiyiniz kimi, ölkəmizin büdcəsinin təqribən 41%-i sosial yönümlüdür. Ədalətli dövlət o dövlətdir ki, əldə olunan vəsait ehtiyacı olanlara, sosial çətinlik çəkənlərə müxtəlif vasitələrlə çatdırır. Ədalətli ölkə, ehtiyacı olana yardım edən ölkədir. Bizim də müxtəlif sahələrlə bağlı problemlərimiz var və biz çalışırıq ki, bu problemləri həll edək. Eyni zamanda insanlarımızın sosial yönümlü ehtiyaclarını ödəməyə çalışırıq. Sosial dövlətlərin əksəriyyəti ədalətli dövlətlər hesab olunur. Biz də sosial dövlət olmağa çalışırıq. Dediyim kimi, büdcəmizin 41%-i sosial yönümlüdür. Biz istəyirik ki, ayrı-ayrı sahələrdə – istər azyaşlı uşaqlara, istər müavinətlərə, əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yaşlılara, pensiyaçılara və digər sosial kateqoriyalardan olan pensiya və müavinətlərin artırılması həyata keçirilsin. Şəxsən mən istəyirəm ki, bu yardımlar maksimum həddə qaldırılsın. Amma nəzərə almaq lazımdır ki, ölkənin bir büdcəsi var. Həm əməkhaqqı, həm pensiyalar, həm də müavinətlər bu büdcədən verilir. Əgər, əməkhaqqı və müavinətlərin çox olmasını istəyiriksə, ilk növbədə ölkənin büdcəsini artırmaq lazımdır. Bunun üçün də görüləsi işlər var.
- Siyasətçi olmaq
üçün əsas hansı keyfiyyətlər olmalıdır?
Siyasətçi olmaq üçün müxtəlif keyfiyyətlər gərəkdir. Bəzən belə hesab edirlər ki, siyasətçi olmaq üçün çox hiyləgər olmaq lazımdır. Mən isə hesab edirəm ki, siyasətçi olmaq üçün dürüst, savadlı , iradəli və cəsarətli olmaq lazımdır. Hədəfə doğru - düzgün yolla getməlisən. Əgər bu yolda qorxdunsa, çəkildinsə, sizdən siyasətçi olmaz. Bizim partiyamız – Böyük Azərbaycan Partiyası – belə yaradılıb. Azərbaycanda partiyaların əksəriyyəti hansısa daxili və ya xarici təsirlərlə yaranıb. Biz isə partiyamızı özümüz qurmuşuq və düz yolla getmişik. Nə xarici qüvvələr bizə təsir edib, nə də hökumətdən maliyyə yardımı almışıq. Biz ağlımız və gücümüzlə, düzgün addımlarımızla parlament partiyası olmağı bacarmışıq. Bu, bizim üçün uğurlu bir addımdır. Partiyamızın adı “Böyük Azərbaycan”dır. 2003-cü il mayın 11-də “Böyük Azərbaycana doğru” şüarı ilə qurultay keçirmişik.
- Qızlarınızın
Türkiyədə və ABŞ-da təhsil alaraq yüksək nailiyyətlər qazanması böyük rezonans
doğurdu. Sizcə, onların uğurunun əsas səbəbi nə idi?
Mənim qızlarım həm Türkiyədə, həm ABŞ-da, sonra
da Böyük Britaniyada magistratura
təhsili alıblar. Onların uğurlarının əsas səbəbi zəhmətkeş olmaları və hədəflərinə doğru düzgün addımlar atmaları
olub. Onlar heç vaxt elə şərait yaratmadılar ki, mən onlara “dərs oxuyun”
deməli olum. Əksinə, mən deyirdim ki, bir az fasilə verin. Ən əsas məsələ
zəhmətdir. Uşaqlar hədəfə doğru dürüst və ardıcıl addımlarla gedərək,
çəkdikləri əzmkarlığın bəhrəsini gördülər.
Müsahibəni apardı: Məryəm Bağırova