Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu gün Dünya Hökumətləri Sammiti start götürür.
News365.az xəbər verir ki, fevralın 5-dək davam edəcək sammit gələcək hökumətlərin formalaşdırılması mövzusuna həsr olunub.
Sammitdə rekord sayda iştirakçı gözlənilir: 45-dən çox dövlət və hökumət başçısı, 15-dən çox dövlət başçısının müavini, 500-dən çox nazir və 150-dən çox beynəlxalq təşkilat.
Sammitin proqramına 445-dən çox sessiya və 450-dən artıq spikerin - dövlət başçıları, nazirlər, ekspertlər, mütəfəkkirlər və korporasiya rəhbərlərinin çıxışları daxildir. İştirakçılar arasında 700-dən çox iri şirkət rəhbəri və Nobel mükafatçıları da daxil olmaqla, dünya elm mükafatlarının 87 laureatı var.
Sammitin əsas mövzuları beş istiqaməti əhatə edir: qlobal idarəetmə və səmərəli liderlik, ictimai rifah, iqtisadi inkişaf və strateji investisiyalar, urbanistik gələcək və demoqrafik dəyişikliklər, eləcə də yeni reallıqlar və perspektivli texnologiyalar.
Sammit çərçivəsində 25 qlobal forum, 45-dən çox nazirlər səviyyəsində və yüksəksəviyyəli görüş, həmçinin beynəlxalq bilik tərəfdaşları ilə birlikdə 36 strateji hesabatın dərci planlaşdırılır.