ChatGPT-nin yeni versiyasında NƏLƏR VAR...

ChatGPT-nin yeni versiyasında NƏLƏR VAR...
14:56

OpenAI" şirkəti avqustun 7-də ChatGPT süni intellekti alətinin yeni versiyası olan ChatGPT-5-i təqdim edib.

News365.az-ın məlumatına görə, istifadəçilər artıq süni intellekt çatının üç fərqli modelindən birini seçə biləcəklər.

Şirkət bildirir ki, yeni nəsil neyroşəbəkə proqramlaşdırma, riyaziyyat, təbiət elmləri və digər sahələrdə cavabların dəqiqliyini xeyli artırıb. Şirkətin rəhbəri Sam Altman deyib ki, indi ChatGPT ilə işləmək “həqiqətən ekspertlə ünsiyyət” təəssüratı yaradır.

"Financial Times" qeyd edir ki, ChatGPT-5 performans baxımından gözləntiləri doğruldub, xüsusən də kod yazma sahəsində güclənib. Lakin digər istiqamətlərdə, xüsusən mətn yaradılması üzrə suallar qalır. Buna baxmayaraq, "OpenAI" rəqiblərinə meydan oxuyur, çünki proqramlaşdırma süni intellekt tətbiqlərinin kommersiya baxımından ən dəyərli istiqamətlərindən biridir.

"Reuters" yazır ki, GPT-5-in bazara çıxışı yeni istifadəçiləri cəlb edib-etməyəcəyi ilə bağlı suallar doğurur. Ekspertlər bildirirlər ki, dördüncü versiyadan keçid gözlənilən qədər kəskin dəyişiklik gətirməyib. Amma yenilik süni intellekt sənayesinin kritik mərhələsinə təsadüf edir. Belə ki, "Microsoft", "Amazon" və "Alphabet" kimi nəhənglər məlumat mərkəzlərinə milyardlarla dollar sərmayə yatırır. Bu xərclər ilin sonuna qədər 400 milyard dollara çata bilər.

"Bloomberg"in məlumatına görə, OpenAI on milyardlarla dolları mütəxəssislərə, çiplərə və data mərkəzlərinə xərcləyir. Şirkət həmçinin mövcud və keçmiş əməkdaşların səhmlərinin yarım trilyon dollarlıq satışını müzakirə edir. "Associated Press" isə yazır ki, GPT-5 şirkət daxilində böyük gözləntilərlə təqdim olunub və "OpenAI" uzun müddətdir öz məhsullarını “generativ süni intellekt” yolunda əsas addım kimi təqdim edir. Bu texnologiya mürəkkəb məsələləri insan müdaxiləsi olmadan həll edə biləcək süni intellekt sistemlərini nəzərdə tutur.

BBC-nin ekspertlərlə söhbətinə görə, GPT-5-in istifadəyə verilməsi süni intellektin imkanları ilə insanın onu idarəetmə bacarığı arasındakı uçurumu daha da dərinləşdirəcək. Modelin inkişafı ilə paralel olaraq bu texnologiyaların hüquqi və etik çərçivədə tənzimlənməsi ehtiyacı artır.

Beləliklə, ChatGPT-5 həm texnoloji gücü, həm də doğurduğu etik mübahisələrlə süni intellekt dünyasında yeni müzakirələrə yol açır.


Sizin reklam burada
Sizin reklam burada