Bazar iqtisadiyyatının tələbi yoxsa ictimai-fəlsəfi traktat?!- Politoloqdan şərh

Bazar iqtisadiyyatının tələbi yoxsa ictimai-fəlsəfi traktat?!- Politoloqdan şərh
13:46
"Bazar iqtisadiyyatının tələbi yoxsa şüuraltına yeridilən ictimai-fəlsəfi traktat?! "

Politoloq Tural Əliyev feysbuk səhifəsində maraqlı paylaşım edib.

News365.az paylaşımı təqdi edir:
Bu gün kimdənsə məsləhət istəyəndə az qala iki nəfərdən biri "özünü satmağı bacarmalısan" yolunu göstərir. Burada mövzu genişlənir, suallar yaranır və cavab tapmağa çalışırsan. Çünki satmaq deyəndə ilk ağıla bazarda satılan əşyalar gəlir. İnsan da özünü satarmış? Sən demə olurmuş. İnsan alqı-satqısı ifadəsini eşidəndə sonuncu dəfə tarix kitablarından oxuduğum və filmlərdə gördüyüm qul bazarı gözümün qabağında canlanır. O zamanlar qulun söz haqqı, qiymətləndirməsi yalnız sahibinə məxsus idi. Həmin vaxtı qullar bazarlara gətirilib, hərraclar vasitəsilə yeni sahiblərinə satılarmış. Bəs indi? Anladığım qədərilə müasir sivilizasiyada insan özü bazara çıxır, amma sahib axtarır. Satmaq sözü varsa özünün marketinqini qurmalı, sərfəli qiymətlərlə təklif etməlidir ki, qarşı tərəf də "dəyərləndirsin". Proses necə baş verir? Axı bazar tələb-təklif qanunları əsasında formalaşır. Bu qaydalar necə tənzimlənir, bizim sahənin "gizli əli" kim (lər)-dir? Yazılmamış qanunları kimlər müəyyənləşdirir, hansı kluarlarda, mətbəxlərdə hazırlanır? Sata bilməyənlər, neyləsin? Ölsünmü, getsinmi, qalsınmı? Qaldığı halda nələrin umidinə yaşasın? Hər gün biraz da öldüyü, cismini sürətlə qəbirstanlığa yaxınlaşdırdığı mənasız ömrünə hansı rəngləri qatsın ki, uzaq üfüqdə işıqucu görsün?
Yenə də suallar toplusu, külliyyatı yığıldı. Həqiqətən insan bilmədiyinin düşmənidir. Əvvəllər, nöqtə boyda inamım qalmışdı ki, sadaladığım suallara cavab verən tapılacaq, indi isə boşluqdur. Divarın o tərəfini də boz görürəm.
Bir anlıq astral səyahət edək, ruhumuzu bədəndən ayırıb yuxarıdan aşağıya, cəmiyyətimizə baxaq. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs nəsə satır, söhbət alverdən gedirsə təbii ki, burada alıb-aldatmaq ön cərgədə dayanacaq. Hərəkətdə olan istənilən prosesin nəticəsinə də gərək qatlanasan, bütövlükdə şəxsi maraqlardan ibarət davranışların aqibəti zülmətdir. Hər yer qaranlığa bürünəndə, bəşəriyyətimizdə 5G texnologiyasının inkişafına baxmayaraq, işıqlı ziyalıları şam işığında axtarmağa məcbur qalacağıq. Niyə? Çünki vaxtı ikən özünü bazara çıxara bilmədiyinə görə əcəlindən əvvəl mənən "ölənləri" yenidən diriltmək üçün İsa Məsihin zühuruna inanmaqdan savayı alternativ möcüzələr qeybə çəkiləcək.
Ardı var....yazmaq istədim, lakin fikrimdən daşındım, yadıma düşdü ki, ciddi mövzulara təlabat yoxdursa, müqəddəs amallar naminə "qurban" obrazına girməyə dəyərmi? Yenə sual!!!

Youtube kanalımız