Bakı metrosunda pik saatlarda interval AZALDILDI

Bakı metrosunda pik saatlarda interval AZALDILDI
12:50

“Bakı Metropoliteni” QSC cari ilin may ayında fəaliyyətində yenilik edib, son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. 

Bu barədə News365.az-a QSC-dən bildirilib. 

Belə ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb. 

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.   

Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.   

Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir. 

Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla, son 1 ay ərzində sınaqlar tətbiq olunub və uğurlu nəticələr əldə edilib. Hazırda sərnişin sayında artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb.


Sizin reklam burada
Sizin reklam burada