Prezident İlham Əliyev: “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir”
Azərbaycanın diplomatik və siyasi baxımdan daha bir mühüm bir hadisəyə ev sahibliyi etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü 2025-ci ilin iyul ayının 4-də Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən biri olan Xankəndidə keçirildi. Bu, həm Qarabağın azad olunmuş ərazilərində beynəlxalq tədbirlərin keçirilməsi baxımından, həm də Azərbaycanın regional əməkdaşlıqda artan rolunu göstərmək baxımından əhəmiyyətlidir. Belə əlamətdar hadisə həm regionun siyasi tarixinə mühüm bir səhifə kimi yazıldı, həm də Azərbaycanın azad edilmiş ərazilərində beynəlxalq tədbirlərin təşkilindəki davamlı uğurunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışında bu tədbirin Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənasının olduğunu deyib: “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”.
Qarabağ uzun illər Ermənistanın işğalı altında qalmış, ancaq 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərlə öz doğma sahibinə – Azərbaycana qovuşmuşdur. Həmin vaxtdan etibarən Azərbaycan dövləti bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start vermiş, artıq azad edilmiş ərazilər təkcə infrastruktur baxımından deyil, həm də diplomatik baxımdan regional və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi təsadüfi deyil. Azərbaycan bu addımla həm Qarabağın suverenliyini bir daha beynəlxalq aləmə nümayiş etdirdi, həm də regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiyanın təşviqinə sadiqliyini göstərdi. Xankəndidə yenicə inşa edilmiş Konqres Mərkəzində baş tutan görüş, təşkilatın tarixi baxımından da ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə keçirilməsi ilə diqqət çəkdi.
Azərbaycan Prezidenti çıxışında Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkür edərək, Azərbaycanın təşkilata ev sahibliyi etdiyi üçüncü Zirvə görüşünü xüsusi olaraq qeyd etdi. Əvvəlki görüşlər 2006-cı və 2012-ci illərdə Bakıda keçirilmişdi. Bugünkü görüş isə tarix və diplomatiyanın kəsişdiyi nöqtədə – Xankəndidə baş tutdu. Bununla yanaşı, Prezident son illərdə azad edilmiş ərazilərdə keçirilmiş digər mühüm beynəlxalq tədbirləri də xatırlatdı. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və 2025-ci ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü Azərbaycanın regionda təşəbbüskar və sülhpərvər xarici siyasətini əks etdirir.
Azərbaycan son illərdə beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməklə qlobal səviyyədə mühüm təşəbbüslərin iştirakçısına çevrilmişdir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində ölkəmizin fəaliyyəti xüsusi önəm daşıyır. Azərbaycan həmişə ECO-nun fəaliyyətində fəal iştirak etmiş, üzv ölkələrlə iqtisadi, siyasi və humanitar əlaqələri gücləndirməyə çalışmışdır. Bu münasibətlər hazırda da uğurla inkişaf edir.
2024-cü ildə Azərbaycan beynəlxalq aləmdə daha bir əlamətdar hadisəyə ev sahibliyi etmişdir. Belə ki, tarixdə ilk dəfə olaraq COP29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı ECO məkanında, məhz Azərbaycanda keçirilmişdir. Bu mühüm tədbirin ölkəmizdə təşkili Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal iqlim problemlərinə dair öhdəliklərinin göstəricisidir. Cənab Prezident bildirib ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir: “ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur”.
COP29 konfransı iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm qərarların qəbul olunduğu bir platforma kimi yadda qaldı. Bu, konfransın miqyasını və qlobal əhəmiyyətini bir daha təsdiq edir. Eyni zamanda, uzun müddətdir müzakirə mövzusu olan İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi böyük uğur kimi qiymətləndirilir. Bu fond iqlim fəlakətlərindən əziyyət çəkən ölkələrə təcili və məqsədyönlü yardım göstərmək baxımından mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, karbon bazarları sahəsində əldə edilmiş razılaşmalar da konfransın mühüm nəticələrindən olmuşdur. Bu razılaşmalar iqlim dəyişikliklərinin qarşısını almaq üçün yeni maliyyə və bazar mexanizmlərinin yaradılmasına şərait yaradacaq.
Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi, ölkəmizin qlobal iqlim gündəliyinə töhfə vermək niyyətinin göstəricisidir. Eyni zamanda, bu hadisə Azərbaycanın həm ECO məkanında, həm də dünya miqyasında iqlim diplomatiyasında aparıcı ölkələrdən birinə çevrilmək istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilə bilər.
ECO Zirvə görüşü çərçivəsində müzakirə olunan məsələlər əsasən təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat və enerji sahəsində inteqrasiyanın artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində oldu. Azərbaycan bu sahələrdə təşəbbüsləri ilə seçilən və konkret nəticələr ortaya qoyan ölkə kimi çıxış etdi. Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunun və regional liderliyinin təsdiqi olmaqla yanaşı, Qarabağın dirçəliş prosesinin nə qədər irəli getdiyini də nümayiş etdirdi. Xankəndidə təşkil olunan bu mötəbər tədbir təkcə bir siyasi akt deyil, həm də sülh, yenidənqurma və gələcəyə ümidin rəmzidir.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi