Prezident İlham Əliyev: “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2024-cü il iyunun 24-də Mingəçevir şəhərinə səfəri çərçivəsində bir
sıra önəmli tədbirlər baş tutub. Prezident İlham Əliyev Mingəçevirdə yerləşən
“Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər
Əliyevin abidəsini ziyarət edib. Bu, Azərbaycanın müasir tarixində və enerji
sahəsində Heydər Əliyevin rolunun önəmini bir daha xatırladan simvolik bir
addımdır. Dövlət başçısı yeni istifadəyə verilmiş “8 Noyabr” Elektrik
Stansiyasının açılış mərasimində iştirak edib və layihəyə cəlb olunmuş yerli və
xarici qonaqlarla görüşüb. Görüş zamanı stansiyanın strateji əhəmiyyəti
vurğulanıb. İtaliya və Çin şirkətlərinin iştirakı layihənin beynəlxalq
əməkdaşlıq baxımından əhəmiyyətini artırdığı qeyd olunub. Layihənin qısa
müddətdə və uğurla tamamlanması xüsusi məmnunluqla qeyd edilib. Bu tədbirlər
ölkənin enerji təhlükəsizliyi, dayanıqlı inkişafı və beynəlxalq tərəfdaşlıq
siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər. “8 Noyabr” Elektrik Stansiyası
isə adından da göründüyü kimi, Vətən müharibəsində əldə edilən Qələbənin rəmzi
olaraq həm də milli qürur layihəsi statusu daşıyır.
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr”
Elektrik Stansiyasının açılış mərasimində çıxış edərək bildirib ki, ümumilikdə
ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın
yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü,
potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir: “8
Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880
meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da
gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə,
Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi
olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40
faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu
işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”. Mingəçevirdə
yerləşən “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycan enerji sisteminin
inkişafında mühüm mərhələdir. Bu stansiyanın istifadəyə verilməsi təkcə texniki
layihənin tamamlanması deyil, eyni zamanda ölkəmizin sənaye və iqtisadi
potensialının, eləcə də milli energetika strategiyasının parlaq təzahürüdür.
Stansiyanın tikintisi qısa müddət ərzində, yüksək keyfiyyətlə başa çatdırılıb.
Bu, ölkəmizin gücünü, dövlətimizin iradəsini, layihəyə cəlb olunmuş
mütəxəssislərin – mühəndislərin, energetiklərin və işçilərin peşəkarlığını bir
daha nümayiş etdirir. Eyni zamanda, layihədə iştirak edən xarici tərəfdaşlarla
– İtaliya və Çin şirkətləri ilə qurulan səmərəli əməkdaşlıq, Azərbaycanın
beynəlxalq etibarlılığının və investisiya cəlbediciliyinin göstəricisidir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın
enerji təhlükəsizliyinin təmin olunmasında, yeni sənaye layihələrinin
elektriklə təmin edilməsində və ixrac potensialının artırılmasında xüsusi rol
oynayacaq. Onun adı isə təsadüfi seçilməyib – bu stansiya 2020-ci il Vətən
müharibəsində əldə edilmiş tarixi Zəfərin – Qələbə Gününün rəmzi kimi, həm də
milli qürur və birlik simvolu kimi tarixə düşür.
Ümumiyyətlə, Mingəçevirdə “Azərbaycan” İstilik
Elektrik Stansiyasının tikilməsi Azərbaycanın enerji tarixində çox mühüm yer
tutur. Qeyd etmək lazımdır ki, Azərbaycanın enerji sisteminin inkişafında Ulu
Öndər Heydər Əliyevin xüsusi rolu danılmazdır. Məhz onun təşəbbüsü və birbaşa
rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə ölkənin enerji təminatında mühüm rol
oynayan “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Elə
cənab Prezident çıxışında bu faktı çıxışında xüsusi xatırladıb: “Mingəçevir 1970-ci
illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndərin
iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir.
Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet
dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə
çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı
yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar
ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı.
Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə
bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji
sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir
stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və
müəssisələrə elektrik enerjisi verilirdi. Mingəçevirin tarixi energetika
mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki,
bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır”. Bu mühüm
addım, o dövrdə təkcə enerji istehsalını artırmaq deyil, həm də ölkənin sənaye
potensialını möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıyırdı.
Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində
gələcəyə yönəlik baxışı, texnoloji inkişafı qabaqlayan təşəbbüsləri ilə
Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinin təməlini qoymuşdur.
“Azərbaycan” İES həm güc mərkəzi, həm də kadr hazırlığı baxımından məktəb
rolunu oynadı – uzun illər ərzində buradan yetişən minlərlə mühəndis, texnik və
energetik ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərdi.
2024-cü ildə
Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası isə məhz həmin
böyük enerji ənənələrinin, o cümlədən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi
strateji xəttin müasir mərhələdə davamıdır. Yeni stansiya texnoloji baxımdan nə
qədər müasir olsa da, onun ideya əsaslarında Ulu Öndərin inkişaf modelinə
sədaqət dayanır.
Prezident
İlham Əliyev tərəfindən bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi
nəticəsində Azərbaycanın enerji sektoru bu gün regionun ən etibarlı və güclü
sistemlərindən birinə çevrilmişdir. Bu, təkcə daxili tələbatı qarşılamır, eyni
zamanda regional enerji təhlükəsizliyinə də ciddi töhfə verir. Bu əlamətdar
hadisə münasibətilə bütün energetikləri və Azərbaycan xalqını təbrik etmək
yerinə düşərdi. Bu gün ölkəmiz bir daha sübut edir ki, güclü dövlət olmaq üçün
iradə, planlı strategiya və fədakar əməyə əsaslanan inkişaf yolu seçilib və bu
yol uğurla davam etdirilir.
Zenfira
Nurullayeva
Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor
ixtisası üzrə müəllimi,
Azərbaycan
Respublikasının Əməkdar müəllimi