“8 Noyabr” Elektrik Stansiyası Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə təməli qoyulan enerji siyasətinin davamıdır
2024-cü il iyunun 24-ü Azərbaycan
Respublikasının enerji tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu.
Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev Mingəçevirdə yeni inşa edilən “8
Noyabr” Elektrik Stansiyasının rəsmi açılışında iştirak etdi. Bu mühüm enerji
obyektinin istismara verilməsi, təkcə iqtisadi deyil, həm də tarixi, siyasi və
mənəvi baxımdan çoxşaxəli əhəmiyyətə malikdir. Bu hadisə ölkəmizin enerji
siyasətində və sənaye inkişafında mühüm dönüş nöqtəsi olmaqla yanaşı, həm də
Vətən müharibəsində qazanılmış Zəfərin rəmzi olan 8 Noyabr tarixinin
əbədiləşdirilməsi baxımından dərin mənaya malikdir. Bu addım həm də dövlət
siyasətində ideoloji ardıcıllığın, tarixi yaddaşın qorunmasının və strateji
obyektlərin milli kimliyə bağlılığının bariz nümunəsidir. “8 Noyabr” Elektrik
Stansiyası hər bir Azərbaycan vətəndaşı üçün fəxarət mənbəyidir – çünki burada
həm güc, həm zəfər, həm də gələcək əks olunub.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın
energetika sahəsində strateji inkişaf kursunun mühüm tərkib hissəsidir. Qısa
müddət ərzində yüksək texnoloji səviyyədə inşa olunmuş bu stansiya 1280 meqavat
gücə malikdir. O, ölkənin elektrik enerjisi istehsalı imkanlarını ciddi şəkildə
artırmaqla bərabər, enerji balansında səmərəliliyi də yüksəldəcək. Bu mühüm
layihənin reallaşması, Azərbaycanın son illərdə həyata keçirdiyi enerji
siyasətinin uğurlu nəticəsidir. Xüsusilə postmüharibə dövründə həm azad olunmuş
ərazilərin enerji ilə təchizatı, həm də bütün ölkə üzrə enerji
infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlar bu
stansiyanın inşasında öz əksini tapıb.
Yeni stansiyanın istifadəyə verilməsi təkcə
mühəndis-texniki layihənin uğurla tamamlanması deyil, həm də Azərbaycanın
iqtisadi gücünün, siyasi iradəsinin və beynəlxalq əməkdaşlıq potensialının
bariz göstəricisidir. Layihənin reallaşmasında İtaliya və Çin şirkətləri ilə
qurulmuş tərəfdaşlıq bir daha göstərdi ki, Azərbaycan dünya səviyyəli enerji
layihələrinin reallaşdırılmasında etibarlı və cəlbedici məkandır. Ən önəmlisi
isə budur ki, stansiya ekoloji standartlara uyğun, enerji effektivliyi yüksək
və karbon emissiyası aşağı olan avadanlıqlarla təchiz olunub. Bu da onu
regionda ən müasir elektrik stansiyalarından birinə çevirir.
Az bir
müddətdə bu cür mürəkkəb və böyük enerji infrastrukturunun tikilib istifadəyə
verilməsi həm də yerli və xarici mütəxəssislərin birgə səylərinin, sinerjinin
nəticəsidir. Prezident İlham Əliyev açılış mərasimində bu əməkdaşlığın
əhəmiyyətini xüsusi qeyd edərək, Azərbaycanın sənaye və texnologiyalar
sahəsində beynəlxalq əlaqələrinin yeni mərhələyə keçdiyini vurğulayıb.
Azərbaycan son onilliklərdə dünya enerji
bazarında etibarlı tərəfdaş kimi tanınıb. Neft və qazla zəngin olan ölkə, eyni
zamanda enerji şaxələndirilməsi və bərpa olunan mənbələrin inkişafı sahəsində
də ciddi irəliləyişlərə nail olub. “8 Noyabr” Elektrik Stansiyası bu
strategiyanın bir hissəsi kimi enerji təhlükəsizliyinin daha da
gücləndirilməsinə, ixrac potensialının genişlənməsinə və sənaye zonalarının
dayanıqlı enerji təminatına xidmət edəcək.
Stansiya
müasir texnologiyalarla təchiz olunub və ekoloji baxımdan dayanıqlı həllərlə
inşa edilib. Bu isə onu regionun ən müasir enerji istehsalı müəssisələrindən
birinə çevirir. Prezident İlham Əliyev açılış zamanı bildirib ki, “8 Noyabr”
Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək: “Qeyd
etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial,
generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı
düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq.
Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük
tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız
da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az
olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini,
eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu
istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra
ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat
yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000
meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə
təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii
qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və
əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki
biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.
“8 Noyabr” Elektrik Stansiyası, əslində
1974-cü ildə təməli qoyulan enerji siyasətinin davamıdır. Ulu Öndərin Heydər
Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycan üçün aktualdır –
planlı yanaşma, milli maraqlara söykənən strategiya, müasir texnologiyaların
tətbiqi və insan kapitalına dəyər verilməsi. Yeni stansiya həm də Azərbaycan
xalqının yenilməzliyinin, milli ruhunun və dövlətçilik ənənələrinin enerji
sistemindəki əks-sədasıdır. Onun Mingəçevirdə inşa olunması isə rəmzi anlam
daşıyır – burada həm tarix, həm bu gün, həm də gələcək qovuşur. Azərbaycanın
müstəqil enerji strategiyası, Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə
başladığı enerji quruculuğunun nəticəsi olaraq bu gün daha da güclənmiş və yeni
mərhələyə qədəm qoymuşdur. Mingəçevirdə reallaşan layihələr – istər
“Azərbaycan” İES, istərsə də “8 Noyabr” Elektrik Stansiyası – bu tarixi
inkişafın canlı abidələridir. Bu mirasın qorunması və inkişaf etdirilməsi
bugünkü və gələcək nəsillərin qarşısında duran mühüm vəzifədir. Çünki enerji təhlükəsizliyi
– yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik, suverenlik və inkişafın
dayanıqlılığı deməkdir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın
enerji salnaməsində mühüm bir səhifə açır. Bu layihə həm enerji təchizatında
etibarlılığı artırır, həm yeni sənaye layihələrinin inkişafına təkan verir, həm
də Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Eyni zamanda, bu
stansiya xalqımızın qürur, mübarizə və inkişaf yolunun enerji sistemindəki
bariz ifadəsidir. Bu stansiyasının istifadəyə verilməsi ilə Azərbaycan bir daha
sübut etdi ki, enerji sahəsində strateji layihələrin icrası ölkənin davamlı inkişafına
və enerji müstəqilliyinə mühüm töhfələr verir. Bu stansiya həm də gələcək
nəsillər üçün mühüm irs olacaq – müasir texnologiyaların tətbiqi, qlobal
tərəfdaşlıq nümunələri və milli qürur bir araya gələrək Azərbaycanın gücünü,
iradəsini və inkişaf yolunu nümayiş etdirir.
Kamal
Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel
ixtisası üzrə müəllimi,
Azərbaycan
Respublikasının Əməkdar müəllimi