Azərbaycanda ən çox bahalaşan məhsullar AÇIQLANDI

Azərbaycanda ən çox bahalaşan məhsullar AÇIQLANDI
12:03

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ilin yanvar ayı ilə müqayisədə 105,7 faiz təşkil edib.

News365.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,6 faiz artıb.

Məlumata görə, cari ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz olub.

Yanvar ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Aylıq müqayisədə makaron, yulaf yarması, kolbasa məmulatları, balıq və balıq məhsulları, süd və süd məhsulları (qatıq, pendir, şor, kəsmik), yumurta, naringi, banan, alma, armud, xurma, kivi, qoz, fındıq, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, badımcan, sarımsaq, kartof, şokolad məmulatları, araq, konyak, şərab və siqaret bahalaşıb.

Eyni dövrdə yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü və tomat pastası ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.

Qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz olub. Yanvar ayında parçalar, divar kağızı, plastik pəncərə, laminat parket, sement, masa və oturacaq mebelləri, xalça, istilik sistemi üçün qurğular, kiçik elektrik cihazları, “Aİ-92” markalı avtomobil benzini, dizel yanacağı, mühərrik yağı, mobil telefonlar, qəzetlər və zərgərlik məmulatları bahalaşıb.

Kəsilmiş taxta, soyuducu, kondisioner və planşet kompüterlərin qiymətində isə azalma qeydə alınıb. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Bundan əlavə, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil edib. Yanvar ayında elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji xidmətlər, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb.

Malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri üzrə isə qiymətlər azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.


Sizin reklam burada
Sizin reklam burada