Əvvəlcə London şəhərində Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasında iştirak etdiyimi qeyd etmək istərdim. Məlum olduğu kimi, Britaniya parlamentində müəyyən daxili prosedur dəyişiklikləri nəticəsində dostluq qruplarının fəaliyyəti və formalaşdırılma qaydaları son dövrlərdə sərtləşdirilmişdir.
Lakin səfirliyimizin, Milli Məclisin və şəxsən sizin, xanım sədr, apardığınız ardıcıl və məqsədyönlü təbliğat işi nəticəsində Azərbaycan–Britaniya dostluq qrupu yenidən formalaşdırılmışdır. Yeni qaydalara əsasən, bu qrupun yaradılması üçün Britaniya parlamentində dörd müxtəlif siyasi partiyanı təmsil edən deputatlar imza atmışdırlar.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu - Rəhbər Fariz İsmayılzadə deyib.
Deputat qeyd edib ki, görüşlər zamanı regionda aparılan sülh gündəliyi, Azərbaycan–Britaniya münasibətlərinin sürətlə inkişafı, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Azərbaycanın əldə etdiyi parlaq qələbə, ölkəmizin Avrasiya regionunda mühüm nəqliyyat qovşağına çevrilməsi, enerji siyasəti və qlobal miqyasda vasitəçilik rolu xüsusi vurğulanıb.
"Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan–Britaniya münasibətləri strateji səviyyəyə yüksəlmişdir. Britaniyalı deputatlar strateji tərəfdaşlıq çərçivəsində texnologiyalar, yaşıl enerji, süni intellekt, müdafiə sənayesi, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə ümidlərini ifadə etmişlər.
Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə Prezident İlham Əliyevin 2024-cü ildə Böyük Britaniyaya, eləcə də Böyük Britaniyanın Baş naziri Kir Starmerin Bakıya səfərlərinin mühüm töhfə verdiyi vurğulanmışdır. Britaniyalı deputatlar Milli Məclisin parlament diplomatiyası sahəsində gördüyü işləri də yüksək qiymətləndirmişlər. Qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Şübhəsiz ki, deputatlarımızın xarici səfərləri mütəmadi xarakter daşıyır. Lakin dostluq qrupunun yenidən yaradılması və Britaniya kimi aparıcı dövlətin parlamenti ilə əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səfərin reallaşmasında göstərdiyiniz dəstəyə görə, xanım sədr, Sizə minnətdarlığımı bildirmək istərdim" - o bildirib.