Qlobal enerji bazarındakı dəyişikliklər, geosiyasi faktorlar və artan tələbat fonunda Azərbaycan özünü etibarlı və məsuliyyətli tərəfdaş kimi təqdim edir. Qarşıdakı illərdə yeni qaz yataqlarının istismarı, infrastrukturun genişləndirilməsi və Avropa bazarındakı mövqelərin gücləndirilməsi ölkənin enerji siyasətinin əsas istiqamətləri olacaq. Azərbaycan enerji sahəsində yalnız regional deyil, həm də qlobal miqyasda təsir imkanlarını artırmaq istiqamətində ardıcıl və strateji addımlar atır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinin əsas prioritetlərini və gələcək planlarını açıqlayıb. Dövlət başçısının çıxışı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, qaz hasilatının genişləndirilməsi planlarını və mövcud infrastrukturun inkişaf zərurətini bir daha ön plana çıxarıb.
Artıq Almaniya və Avstriyaya qaz tədarükünə
başlanılması bu istiqamətdə atılmış mühüm addımdır. Bununla da hazırda Avropa
İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bu fakt Azərbaycanın
etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Xüsusilə son illərdə Avropada
enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycan
sabit və proqnozlaşdırıla bilən təchizatçı kimi çıxış edir. Enerji mənbələrinin
şaxələndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu
prosesdə mühüm rol oynayır. Prezident vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq
tam yüklənmiş vəziyyətdədir. Bu isə bir tərəfdən layihənin uğurunu göstərsə də,
digər tərəfdən yeni reallıqlar yaradır. Artan tələbat fonunda mövcud boru
kəmərlərinin genişləndirilməsi və yeni interkonnektorların yaradılması vacib
məsələyə çevrilib. Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən başlayaraq Avropaya
qədər uzanan və bir neçə ölkəni birləşdirən strateji enerji layihəsidir. Bu
dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib.
Lakin artan ixrac həcmləri infrastrukturun modernləşdirilməsini və
genişləndirilməsini qaçılmaz edir. Azərbaycan tərəfi artıq bazarda mövcud
tələbatı və qlobal enerji proseslərini nəzərə alaraq əlavə genişləndirmə
imkanlarını araşdırır. Məqsəd ixracı maksimum səviyyəyə çatdırmaq və
uzunmüddətli müqavilələr əsasında sabit təchizatı təmin etməkdir.
Prezident İlham Əliyev çıxışında qarşıdakı
illərdə qaz hasilatının əhəmiyyətli dərəcədə artacağını qeyd edib. Bu artım bir
neçə əsas yataq üzrə planlaşdırılan layihələr hesabına təmin olunacaq
“Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından cari ildə hasilatın
başlanması gözlənilir. “Abşeron” yatağının iki-üç il ərzində tammiqyaslı
işlənmə mərhələsinə keçməsi planlaşdırılır. Bu, həmin yataqdan qaz hasilatını
üç dəfə artıracaq. “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilata başlanacaq.
Azərbaycanın əsas qaz mənbəyi olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni
mərhələ üzrə hasilatın başlanması nəzərdə tutulur.
Qeyd olunan layihələrin maksimum istehsal
səviyyəsində ölkəyə əlavə 10–15 milyard kubmetr qaz qazandıracağı gözlənilir.
Bu isə həm daxili tələbatın tam ödənilməsinə, həm də ixrac imkanlarının
genişlənməsinə şərait yaradacaq.
Artan hasilat həcmləri yalnız yeni yataqların
istismarı ilə deyil, həm də güclü nəqliyyat və paylama infrastrukturu ilə
müşayiət olunmalıdır. Prezidentin vurğuladığı kimi, yeni bazarlara çıxış üçün
mövcud boru kəməri sisteminin genişləndirilməsi vacibdir. Eyni zamanda,
qazpaylama şəbəkəsinin şaxələndirilməsi və əlavə interkonnektorların
yaradılması regionda enerji inteqrasiyasını daha da gücləndirəcək. Bu addımlar
Azərbaycanın həm regional, həm də qlobal enerji sistemində rolunu artıracaq.
Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycanın enerji strategiyası
uzunmüddətli və çoxşaxəlidir. Bir tərəfdən ənənəvi enerji resurslarının –
xüsusilə təbii qazın – hasilatı və ixracı artırılır, digər tərəfdən isə paralel
olaraq yaşıl enerji təşəbbüsləri də inkişaf etdirilir.
“Biz hamımız
planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim
dəyişikliyinin fəsadlarını görmək istəmirik.” – bu fikirlər Azərbaycan
Prezidenti İlham Əliyevin enerji və iqlim məsələlərinə yanaşmasının fəlsəfəsini
aydın şəkildə ifadə edir. Dövlət başçısı qlobal iqlim gündəliyinə ideoloji
deyil, praqmatik və realist baxışın vacibliyini vurğulayaraq, qazıntı
yanacaqları ilə bərpaolunan enerji mənbələrinin vəhdətinin zəruriliyini ön
plana çıxarır.
İqlim
dəyişikliklərinin real və gözlə görünən təsirlərindən biri də Xəzər dənizinin
ildən-ilə dayazlaşmasıdır. Su səviyyəsinin azalması təkcə ekoloji deyil, həm də
iqtisadi və geosiyasi nəticələr doğurur. Liman infrastrukturu, dəniz
nəqliyyatı, balıqçılıq və enerji layihələri bu prosesdən birbaşa təsirlənir.
Xəzərin dayazlaşması göstərir ki, iqlim dəyişikliyi abstrakt anlayış deyil – o,
artıq region ölkələrinin gündəlik həyatında və iqtisadi planlaşdırmasında
nəzərə alınmalı faktora çevrilib. Bu baxımdan, Azərbaycan iqlim çağırışlarını
qəbul edir, lakin onların həllinə emosional və ya ideoloji deyil, rasional
yanaşma tərəfdarıdır.
Prezidentin
çıxışında əsas mesajlardan biri iqlim və enerji siyasətində ideoloji yanaşmanın
deyil, praqmatik və realist mövqenin üstün tutulmasıdır. Müasir dünyada enerji
təhlükəsizliyi ilə iqlim təhlükəsizliyi arasında balansın qorunması olduqca
həssas məsələdir. Bir tərəfdən, dünya iqtisadiyyatı hələ uzun illər qaz və
digər ənənəvi enerji mənbələrinə ehtiyac duyacaq. Digər tərəfdən isə karbon
emissiyalarının azaldılması və yaşıl enerjiyə keçid qaçılmazdır. Bu iki
istiqaməti qarşı-qarşıya qoymaq əvəzinə, onları paralel və tamamlayıcı
proseslər kimi görmək daha məntiqli yanaşmadır.
Azərbaycanın
sübut olunmuş qaz ehtiyatlarının təxminən 100 il üçün kifayət edə biləcəyi
bildirilir. Bu, ölkəyə uzunmüddətli enerji sabitliyi verir. Lakin buna
baxmayaraq, Azərbaycan yalnız qaz ixracatçısı kimi qalmaq niyyətində deyil. Son
illərdə ölkə bərpaolunan enerji mənbələrinə milyardlarla dollar həcmində
sərmayə yatırır. Günəş və külək enerjisi layihələri, Xəzər dənizində külək potensialının
qiymətləndirilməsi, “yaşıl enerji zonası” təşəbbüsləri bu strategiyanın tərkib
hissəsidir. Bu siyasət göstərir ki, Azərbaycan enerji keçidini zərurət kimi
qəbul edir və uzunmüddətli perspektivdə enerji balansını şaxələndirməyə
çalışır.
Azərbaycanın
enerji siyasəti iki əsas prinsip üzərində qurulur: realizm və balans. Ölkə bir
tərəfdən zəngin qaz ehtiyatlarını səmərəli şəkildə istifadə edərək enerji
təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə yaşıl enerjiyə keçidi strateji
prioritet kimi qəbul edir. İqlim dəyişiklikləri ilə mübarizə qlobal məsələdir
və hər bir ölkənin məsuliyyətli yanaşmasını tələb edir. Azərbaycan isə bu
prosesdə ideoloji şüarlardan uzaq, praqmatik və uzunmüddətli maraqlara
əsaslanan model təqdim edir. Bu model həm enerji təhlükəsizliyini, həm də
ekoloji davamlılığı paralel şəkildə təmin etməyə yönəlib.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent