Avropa Komissiyası Avropa İttifaqı ərazisində süni intellekt (Sİ) sahəsinə 200 milyard avro investisiyanın səfərbər olunması haqda təşəbbüsü işə salıb.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Parisdə Sİ sammitində etdiyi çıxışda danışıb.
“Mən burada böyük məmnuniyyətlə “İnvestAI” (Süni intellektə investisiya) təşəbbüsünü elan edirəm. Biz Avropada süni intellektdə 200 milyard avro civarında investisiyanın səfərbər olunmasına hədəflənəcəyik. Bu etibarlı süni intellektin hazırlanması üzrə dünyanın ən iri dövlət-özəl sektor tərəfdaşlığı olacaq”, - deyə der Lyayen bildirib.
Onun sözlərinə görə, həmin vəsaitlər Avropa ittifaqında süni intellekt qiqafabriklərinin yaradılmasına sərf olunacaq.
“Bu irimiqyaslı süni intellekt infrastrukturu ən mürəkkəb süni intellekt modellərinin açıq və birgə işlənib hazırlanmasını təmin etmək və Avropanı süni intellekt qitəsinə çevirmək üçün vacibdir. Bunun üçün tədqiqatçılar, sahibkarlar və investorlar bir araya gələ biləcəklər.
Dünyanın hər yerindən istedadlar alqışlanır. Sənaye sahələri əməkdaşlıq edib məlumatlarını birləşdirə biləcəklər. Biz onlar üçün təhlükəsiz bir məkan yaradırıq. Çünki süni intellektə təkcə rəqabət deyil, həm də əməkdaşlıq lazımdır", – deyə o əlavə edib.